Böyük Britaniya Kralı III Çarlzın ABŞ-a səfəri, Prezident Donald Trampla görüşü, Vaşinqtonda səsləndirdiyi bəyanatlar bir çox baxımdan diqqət çəkir. Səfərdə Kralın və Trampın davranışları, o cümlədən çıxışları dünya mediasında gündəm olub.
Məsələn, ABŞ prezidentinin qarşılama mərasimlərində salamlaşarkən liderlərin əlini sıxıb özünə çəkməsi adəti onun digərləri üzərində bir növ üstünlük nümayişi kimi ənənəvi hal alıb. Lakin bu dəfə vəziyyət fərqli olub. Salamlaşmanın sosial şəbəkələrdə və mediada yayılan görüntülərindən Çarlzın da Trampa eyni şəkildə qarşılıq verməsi, onun əlini sıxaraq özünə çəkməsi maraqla qarşılanıb.
Ümumiyyətlə, Britaniya kral ailəsinin səfərləri xüsusi protokola uyğun olaraq hazırlanır, həmçinin qarşı tərəfə də bu qaydalara əsasən hazırlaşmaq və diqqətli davranmaq barədə məlumat verilir. Lakin Trampın Çarlzla davranışları, onun əlini sıxması, çiyninə toxunması və s. sözügedən qaydaların pozulması kimi dəyərləndirilir. ABŞ prezidentinin Kralın həyat yoldaşı Kamillaya da davranışı diqqət çəkib. Hətta Kamillanın ABŞ rəsmiləri ilə salamlaşarkən Trampın gəlib onun önünə keçməsi və özünün sıra ilə hər kəslə salamlaşması “siyasi etikanın pozulması” kimi qiymətləndirilib, narazılığa səbəb olub.
Liderlərin salamlaşması
Britaniya Kralının Konqresdəki çıxışında səsləndirdiyi fikirlər də maraqla qarşılanıb. O, ingilisləri birləşdirən xristian dəyərlərindən, dini tolerantlıqdan, ABŞ-ın İrana hücumlarından danışıb. Lakin Rusiyaya qarşı gücləri birləşdirmə və Ukraynaya dəstək çağırışı, o cümlədən ölkədaxili idarəetmə ilə bağlı sözləri konqresmenlər tərəfindən alqışla qarşılanıb.
Siyasi səhnəyə çevrilən şam yeməyi
III Çarls öz şərəfinə verilən şam yeməyində də çox maraqlı fikirlər səsləndirib. O, ABŞ-a əməkdaşlıq və bərabərlik bəyanatları altında “atanız, kökünüz bizik, unutmayın” mesajı verib, bunu da zarafata salaraq, çox incə şəkildə edib. Trampın hərəkətləri və özündən əvvəl Oval ofisdə görüşdüyü liderlərlə, o cümlədən Avropa ilə dialoqda sərt ritorikasını xatırladan Çarlz, bəyanatlarını bir ox niyyətinə Ağ Evə “ingilis yumoru” pərdəsi altında atıb.
Çarlz çıxışında Trampın Davosda Avropa liderlərinə ünvanlı dediyi, “ABŞ-ın İkinci Dünya müharibəsində dəstəyi olmasaydı, indi almanca danışırdız” sözlərinə belə cavab verib:
“Cənab Prezident, qısa müddət əvvəl ABŞ olmasaydı Avropanın indi almanca danışacağını demisiniz. Mən də cürət edərək bildirirəm ki, biz olmasaydıq, indi siz fransızca danışırdız”.
Kralın Trampa ünvanlı bu sözləri gecənin ən çox danışılan çıxışı olub. Lakin Çarlz bununla kifayətlənməyib. O, ingilislərlə amerikalıların sadəcə dili çıxmaqla tamamilə eyni olduğunu vurğulayıb. Britaniyaya qarşı üsyana, ABŞ-ın quruluş mübarizəsinə dəfələrlə vurğu edib. Britaniya hökmdarının “250 il əvvələ qədər, daha doğrusu biz ingilislər demiş, sanki hələ dünən idi”, – deyərək, ABŞ-ın quruluşuna vurğu etməsi Ağ Evə kritik üstünlük mesajı kimi dəyərləndirilir.
Kral Trampın Ağ Evdə şərq qanadını söküb yerində bal salonu tikməsinə də zarafatla münasibət bildirib: “Oradakı yenilikləri görməmək mümkün deyil. Təəssüflə qeyd etmək istəyirəm ki, biz britaniyalılar da 1814-cü ildə burada öz mülklərimizi inkişaf etdirməyə çalışmışıq”, – deyən Çarlz, həmin ildə Vaşinqtonun 26 saat müddətinə ingilislərin nəzarətinə keçməsi və Ağ Evin yandırılmasını xatırladıb.
O, hətta öz şərəfinə verilən şam yeməyini Boston Çay qonaqlığı ilə müqayisə edib. Kral həmçinin Trampa İkinci Dünya müharibəsində dəniz döyüşlərində istifadə edilən Britaniyaya məxsus “HMS Trump” sualtı qayığından götürülən, üzərinə “Trump 1944” yazılan bir gəmi zəngi hədiyyə edib. “Bizimlə əlaqə saxlamaq lazım olduqda zəngi çalın” – sözləri ilə hədiyyəsini təqdim edib.

III Çarlzın Donald Trampa hədiyəsi
Əfsanələşmiş, rəsmi səfərləri ilə hər zaman gündəm olan anası Kraliça II Elizabetin ölümündən sonra 73 yaşında taxta çıxan Kral III Çarlzın dövrü bir sıra maraqlı məsələlər və iddialarla yadda qalacaq. Lakin onun Ağ Ev səfəri, Trampla söhbəti xarici siyasət baxımından yəqin ki, ən maraqlısı olacaq. Ümumiyyətlə, Donald Trampın ikinci hakimiyyəti müddətində ABŞ-a səfər edən, onunla görüşən liderlərdən sadəcə Çarlzın üstünlük mesajları və Ağ Ev rəhbərinin bunlara sakit, yumoristik yanaşması diqqət çəkir.
Ağ Evin rəsmi sosial şəbəkə hesabının III Çarlzla Donald Trampın fotosunu “İki Kral” başlığı ilə paylaşması da bu baxımdan təəccüb doğurmur.
Ayşən Mustafa
Globalinfo.az