qadin

Alzheimer xəstələrinin təxminən üçdə ikisini qadınlar təşkil edir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ alimləri yeni araşdırması aparıb.

Tədqiqatın nəticələri “Aging Cell” jurnalında dərc olunub:

“Şimal-Qərb Universitetinin tədqiqatçıları estrogen istehsalı pozulmuş genetik modifikasiya edilmiş siçanları araşdırıblar. Məlum olub ki, dişi siçanlarda hormon çatışmazlığı davranışda nəzərəçarpan dəyişikliklərə səbəb olur. Yaşlı heyvanlarda məkan yaddaşı ilə bağlı problemlər və sosial aktivliyin azalması qeydə alınıb. Bundan əlavə, həm gənc, həm də yaşlı dişi siçanlarda estrogen çatışmazlığı depressiyaya bənzər davranış əlamətləri yaradıb. Erkək siçanlarda isə belə təsirlər müşahidə edilməyib”.

Tədqiqat müəlliflərinin fikrincə, nəticələr estrogenin qadın beyninin normal fəaliyyətinin qorunmasında mühüm rol oynadığını təsdiqləyir.

Araşdırmanın rəhbəri, mama-ginekoloq Serdar Bulun bildirib:

“Estrogenin yaddaş və əhval-ruhiyyə ilə əlaqəli digər beyin funksiyaları üçün son dərəcə vacib olduğuna dair ən güclü sübutlardan bəzilərini əldə etmişik”.

Alimlərin diqqətini xüsusilə hüceyrədənkənar matriks cəlb edib:

“Bu struktur beyin hüceyrələri arasındakı boşluğu dolduran molekullar şəbəkəsidir. O, yaddaşın formalaşmasında, toxumaların bərpasında və sinir sisteminin normal fəaliyyətinin saxlanılmasında iştirak edir. Tədqiqat göstərib ki, estrogen çatışmazlığı zamanı məhz hüceyrədənkənar matrikslə əlaqəli genlərin aktivliyi ən çox dəyişir”,

Müəlliflər hesab edirlər ki, hüceyrədənkənar matriks gələcəkdə Alzheimer xəstəliyinə qarşı yeni dərmanların hazırlanması üçün perspektivli hədəfə çevrilə bilər:

“Bu sistemdə genlərin normal fəaliyyətinin bərpası neyrodegenerativ proseslərin inkişafını ləngitməyə kömək edə bilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: