Azərbaycanda sahibkarların vergi güzəştlərindən istifadə qaydalarına dəyişiklik edilməsi təklif olunur. Yeni qaydalara əsasən, eyni fəaliyyət üzrə bir neçə güzəşt hüququ yarandıqda sahibkar onlardan yalnız məbləğcə ən böyük olanını seçə biləcək.
Sahibkarların yalnız bir vergi güzəştindən yararlana bilməsi onların vergi yükünə necə təsir edəcək? Bu dəyişiklik sahibkarlıq fəaliyyəti və biznes mühitinə hansı təsirləri göstərəcək?
Globalinfo.az-a danışan “Crypto Consulting MMC”-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev hesab edir ki, əsas məsələ vergi güzəştlərinin sayının məhdudlaşdırılmasından daha çox, onların tətbiq mexanizminin sadələşdirilməsidir:
“Əgər eyni fəaliyyət üzrə sahibkarda bir neçə vergi güzəşti hüququ yaranırsa və yeni qaydaya əsasən yalnız məbləğcə daha böyük olan güzəştdən istifadə ediləcəksə, bu, bəzi sahibkarlar üçün faktiki vergi yükünün artmasına səbəb ola bilər. Məsələn, sahibkarın fəaliyyəti üzrə iki ayrı güzəşt hüququ yarandığını düşünək. Bir güzəşt sahibkara il ərzində 5 min manat, digər güzəşt isə 8 min manat vergi qənaəti imkanı yaradır. Mövcud mexanizm imkan verirsə ki, sahibkar müəyyən şərtlərlə hər iki güzəştdən yararlansın, yeni qaydada yalnız 8 min manatlıq güzəştdən istifadə edəcək. Yəni sahibkarın vergi öhdəliyi əvvəlki mexanizmlə müqayisədə 5 min manat deyil, məhz digər güzəştdən yararlana bilmədiyi halda yaranan əlavə məbləğ qədər arta bilər”.
İqtisadçı deyib ki, digər tərəfdən, bu dəyişiklik bütün sahibkarlar üçün avtomatik olaraq vergi yükünün artacağı anlamına gəlmir:
“Çünki sahibkar yenə də onun üçün daha böyük maliyyə effekti yaradan güzəşti seçə biləcək. Əsas təsir bir neçə güzəştdən paralel istifadə etmək imkanına malik olan bizneslərdə hiss olunacaq. Biznes mühiti baxımından isə dəyişiklik iki tərəfli qiymətləndirilə bilər. Müsbət tərəfi odur ki, vergi güzəştlərinin tətbiqi daha sadə və şəffaf ola bilər. Sahibkar hansı güzəşti seçəcəyini daha asan müəyyənləşdirəcək, vergi inzibatçılığı da nisbətən sadələşə bilər. Eyni zamanda, müxtəlif güzəştlərin üst-üstə düşməsi nəticəsində yaranan sui-istifadə və ya optimallaşdırma imkanlarının qarşısı müəyyən qədər alına bilər”.
Elnur Quliyev
E.Quliyev qeyd edib ki, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün vergi güzəştləri sadəcə formal üstünlük deyil, biznesin maliyyə dayanıqlığına birbaşa təsir edən amildir:
“Əgər sahibkarın əvvəllər istifadə etdiyi güzəştlərin bir hissəsi aradan qalxırsa, onun xalis mənfəəti azalacaq, investisiya və dövriyyəyə yönəldə biləcəyi vəsait də məhdudlaşa bilər. Məsələn, illik 100 min manat mənfəət əldə edən kiçik biznesin vergi güzəştləri hesabına 15 min manatlıq vergi qənaəti etdiyini, yeni mexanizmdə isə bunun 9 min manata düşdüyünü nəzərə alsaq, sahibkarın sərəncamında qalan vəsait 6 min manat azalır. Kiçik biznes üçün bu məbləğ əlavə işçi götürmək, avadanlıq almaq və ya fəaliyyətini genişləndirmək baxımından kifayət qədər əhəmiyyətli ola bilər”.
İqtisadçı bildirib ki, əsas güzəştlərin birləşdirilməsinin qarşısının alınması sahibkarlığın inkişafına verilən vergi dəstəyini zəiflətməsin:
“Əgər məqsəd vergi sistemini sadələşdirmək və güzəştlərin daha məqsədli tətbiqini təmin etməkdirsə, bu, biznes üçün müsbət nəticə verə bilər. Amma güzəştlərin ixtisarı real olaraq sahibkarların maliyyə yükünü artıracaqsa, xüsusilə kiçik və orta biznes üçün keçid dövrü və ya kompensasiya mexanizmlərinin nəzərdə tutulması daha məqsədəuyğun olardı. Nəticə etibarilə, dəyişiklik sahibkarların hamısına eyni təsir göstərməyəcək. Ən böyük təsir eyni fəaliyyət üzrə bir neçə güzəştdən paralel istifadə edən müəssisələrdə olacaq. Buna görə də yeni mexanizmin effektivliyini qiymətləndirərkən yalnız dövlət büdcəsinin əlavə vergi gəlirlərinə deyil, bizneslərin investisiya, məşğulluq və fəaliyyətini genişləndirmək imkanlarına təsirinə də baxmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az