Xankəndidə bayraq qaldırmağımızı qəbul etmirlər…

Qarabağın işğaldan azad edilməsi artıq bir reallıq, danılmaz həqiqətdir, lakin ölkədəki bəzi “müxalifət” liderləri və nümayəndələri bu qələbəni qəbul edə bilmir, ya da etmək istəmir. Hətta paylaşımları ilə faktiki olaraq Prezident İlham Əliyevi Qarabağı azad etdiyinə, separatizmi aradan qaldırdığına görə qınayırlar. 

Maraqlıdır, Azərbaycan müxalifəti nə üçün tarixi qələbədə iqtidarın yanında olmaq istəmir? Məgər bu onların müxalif mövqeyinə ziddir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri, zəfəri bəzi müxalifət partiya lideri və nümayəndələri obyektiv qiymətləndirmək istəmirlər:

“Azərbaycan tarixi nailiyyət əldə edib. Bu, ümummili, tarixi dövlətçilik maraqlarımızın təmin olunması deməkdir. Əgər bu gün kimsə Azərbaycanın hər qarış ərazisində onun konstitusion quruluşunun qurulmasını qəbul etmir, bu istiqamətdə müxalif çıxış edirsə, onun xalqın adından danışmağa haqqı yoxdur.

Hikmət Babaoğlu

Azərbaycan Prezidenti xalqın, dövlətin 100 illik Qarabağ məsələsini bitirdi. Bu gün bunu kimlərsə düzgün qiymətləndirə bilmirsə, sərgilənən mövqeyi dəstəkləmirsə, deməli, Azərbaycan xalqının, dövlətinin mövqeyini dəstəkləmir.

Biz çox uzun bir hərbi-siyasi marafondan keçdik. Bu yolu zəfərlə başa vurduq. Təəssüf ki, gəldiyimiz bu mərhələdə qarşımızda duranlar özümüzdən olanlardır. Halbuki bu insanlar xalqın ən emosional vaxtlarında belə ümumi maraqlardan çıxış etmədi. Əslində, bu, hakimiyyətə müxaliflik deyil, birbaşa xalqa müxaliflikdir”.

Turan Rzayev
Globalinfo.az