“Bu baş verərsə, ABŞ NATO-dan çıxacaq” – Sensasion bəyanat

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami deyib ki, qalib gələcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxarmaq niyyətindədir. Qeyd edib ki, ABŞ-ın Alyansa üzvlüyü Rusiya ilə münaqişə təhlükəsini artırır.

Maraqlıdır , ABŞ-ın NATO-dan çıxması gözləniləndir?

Xəyal Bəşirov 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, seçkilər öncəsi prezidentliyə namizədlərin müxtəlif siyasət yürüdəcəkləri ilə bağlı açıqlamalar verməsi gözləniləndir:

“Amerika Birləşmiş Ştatlarında real namizədlər həmişə Respublikaçılar və Demokratlardan olur. Digər partiyaların fəaliyyəti ümumiyyətlə gözə görünmür.

Yarandığı gündən bu vaxta qədər ABŞ müəyyən xarici siyasət yürüdür. Bu siyasətin ana xəttini təşkil edən məqamlar var. Ola bilər ki, namizədlər hər hansı fərqli yanaşma ortaya qoysun, amma bu ana xətt dəyişməyəcək. Birləşmiş Ştatların NATO-dan çıxması ilə bağlı xarici siyasət kursunda hər hansı mövqe yoxdur. NATO elə ABŞ deməkdir.

NATO Sovetlər İttifaqına qarşı yaranmış hərbi blokdur. SSRİ-nin hüquqi varisi kimi Rusiya və Kollektiv Qərbə qarşı maraqları uzlaşan Çin var. Alyansın Şərqə doğru genişlənməsinin də məqsədi məhz bu iki ölkənin zəiflədilməsinə hesablanıb. Xatırladım ki, Ukrayna müharibəsinin şiddətlənməsinin səbəbi də elə məhz NATO-nun Şərqə doğru genişlənməsidir. Əgər ABŞ-ın Alyansdan çıxmaq niyyəti var idisə, niyə Ukrayna müharibəsinə göz yumurdu?
Bu səsləndirilən fikirlərin tezliklə baş verəcəyi gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az