Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son açıqlamasında ittifaqı qarşıda çətin günlərin gözlədiyini deyib. O bildirib ki, Aİ-ni gücləndirmək, təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır. Həmçinin iqtisadiyyatın gücləndirilməsinin əsas prioritet olduğunu deyib. Daha sonra isə Ukraynaya yardım üçün maliyyə və hərbi resurların da səfərbər edilməli olduğunu söyləyib.
Hazırda Cənubi Qafqaz ölkələri və regionda marağı olan dövlətlərin əsas diqqəti aprelin 5-də ABŞ, Aİ və Ermənistan arasında keçiriləcək görüşdədir. Görüşlə bağlı Bakının narazılıqlarına cavab verən ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller bunun Azərbaycana qarşı yönəlmədiyini, təhlükəsizlik məsələsini əhatə etmədiyini bildirib. “Bu görüşün diqqət mərkəzində Ermənistana ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlıqdır”, – deyib.
Maraqlıdır, iqtisadiyyatın və təhlükəsizliyin gücləndirilməsinə çağırış edən Aİ, uzun illərdir Rusiyanın əsas tərəfdaşı olan Ermənistana qeyd edilən şəkildə necə bir dəstək göstərə bilər? Xüsusi ilə Ukrayna məsələsində Rusiyanı diz çökdürə bilmədiyi deyilən Qərbin bu görüşdə İrəvan üçün planı nədir?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Aİ-nin Ermənistana anlaşılmaz dəstəyi Bakı ilə münasibətləri poza bilər:
“Avropa İttifaqının daha təmərküzləşməsi, inteqrasiyası məsələsi çoxdandır ki, gündəmdədir. Fransa, Almaniya kimi böyük dövlətlər bunu istəyirlər. Məqsəd Avropanın güc mərkəzi olması, ABŞ və başqa ölkələrin təsirindən çıxmasına nail olmaqdır. Tez-tez Avropa İttifaqının vahid ordusunun yaradılması ideyasının səsləndirilməsi də təsadüfi deyil. Həmçinin Aİ-nin iqtisadi inkişafı ABŞ-dan geri qalır. Bütün bunları nəzərə alsaq, hazırkı addımlar başadüşüləndir. Lakin hələ müharibənin əvvəlindən Avropa İttifaqının Ukrayna münaqişəsinə münasibəti sabit deyil. ABŞ Kiyevə yardımlar göndərəndə, Aİ yardımları gecikdirirdi. İndi isə daha çox dəstək göstərməkdən danışırlar.
Ermənistan edilən yardımlar isə Aİ üçün çox cüzidir. Ermənistan kiçik ölkədir, əhali sayı getdikcə azalır. Bunun üçün ona göstərilən dəstək Aİ-yə elə də problem yaratmayacaq. Lakin ittifaqın Azərbaycanla münasibətlərini pozması mümkündür. Bu da Avropanın enerji təhlükəsizliyi üçün problem yarada bilər. Azərbaycan Ermənistana edilən xüsusi yardımları özü üçün təhlükə olaraq görür”.
Politoloq Aİ və ABŞ-ın İrəvana yardımın bir çox istiqamətdən suallar doğurduğunu deyib:
“ABŞ rəsmisi də açıqlamasında vurğulayır ki, onların toplantısı Bakıya qarşı yönəlməyib. Sual yaranır, Ermənistan hazırda KTMT-nin üzvüdür. Həmçinin Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqının da üzvüdür. Necə olur ki, Aİ və ABŞ bir tərəfdən iqtisadi dayanıqlılıqdan, inteqrasiyadan danışırlar, digər tərəfdən bütün iqtisadiyyatı Rusiyadan asılı olan, onun sanksiyalardan yayınmasına, qanunsuz maliyyə dövriyyəsinə kömək edən, Moskvanın silah istehsalında istifadə edilən və Ukraynaya qarşı müharibəyə ötürülən texnologiyalarının daşınmasına şərait yaradan Ermənistana iqtisadi yardım göstərirlər? Bütün bu suallar cavabsız qalır. Təbii ki, Azərbaycan tərəfi də Qərbin bu addımını ikili standart olaraq qəbul edir”.
Ayşən Mustafa