Birinci Qarabağ Müharibəsindən sonra 3171, İkinci Qarabağ Müharibəsindən sonra 6 nəfər itkin düşüb

Birinci Qarabağ Müharibəsi nəticəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. Onlardan 3171 nəfəri hərbçi, 719-u mülki şəxsdir. Globalinfo.az Turan-a istinadla bildirir ki, bu barədə çərşənbə axşamı Beynəlxalq Qaçqınlar Günü münasibətilə keçirilən konfransda itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.

Həmin saydan 872 nəfər girov götürülüb və işğal edilmiş ərazilərdə qalıb. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Bu müddətdə Ermənistan həmin şəxslərin və onların taleyi barədə məlumatları gizlədib.

Yalnız İkinci Qarabağ Müharibəsindən sonra erməni tərəfi Birinci Qarabağ Müharibəsində itkin düşmüş 138 nəfərin qarışıq cəsəd qalıqlarını təhvil verib.

İkinci Qarabağ Müharibəsindən sonra 300-ə yaxın Azərbaycan əsgəri itkin düşüb, onların cəsədləri sonradan aşkar edilib və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə çıxarılaraq ailələrinə təhvil verilib. Lakin İkinci Qarabağ Müharibəsinin 6 iştirakçısını hələ də tapmaq mümkün deyil.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Birinci Qarabağ Müharibəsindən sonra 776, İkinci Qarabağ Müharibəsi zamanı isə 345 erməni itkin düşmüş sayılıb. 2020-ci il noyabrın 10-dan sonra birgə tədbirlər zamanı 1713 erməni əsgərin cəsədi Ermənistana təhvil verilib.

Birinci Qarabağ Müharibəsi zamanı 1480 azərbaycanlı və 509 erməni əsirlikdən azad edilib

İkinci Qarabağ Müharibəsindən sonra ermənilər 25 nəfər  Azərbaycan vətəndaşını (19 hərbçi, 6 mülki şəxs) azad edib.

Azərbaycan 159 nəfər ermənini (118 hərbçi, 41 mülki şəxs, o cümlədən 5 qadın) azad edib.

Azərbaycan Dövlət Komissiyası mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinə əsir düşmüş erməni əsgərlər və saxlanılan şəxslərin barəsində məlumat verir, onlara baş çəkmək üçün şərait yaradıb. Həmin şəxslərin öz yaxınlarına məktub yazması, videoməlumat göndərməsi, telefonla danışması üçün şərait yaradılıb.