Beynəlxalq fondun əməkdaşı minaya düşdü, ayağı kəsildi – YENİLƏNİB

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Xəzər Babaşov

***10:50

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğuya cavab olaraq bildirirlir ki, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***09:45

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Qeyd edilib ki, xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir və həyatı təhlükəsi yoxdur.