Bələdiyyə sədrinin bu addımı hər kəsi təsirləndirdi

Ukraynanın bir ilə yaxındır davamlı hücuma məruz qalan Xarkov vilayətində bələdiyənin nəzarətilə Türkiyəyə göndərilməsi üçün 22 ton humanitar yardım toplanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Xarkov bələdiyyə sədri İqor Terekov Qaziantepi “qardaş şəhər” adlandıraraq, çətin günlərdə bu şəhərdən ciddi dəstək aldıqlarını, indi sıranın özlərində olduğunu söyləyib.

Toplanan 22 ton humanitar yardıma ərzaq, elektrik sobaları, paltarlar, gigiyenik məhsullar kimi məhsullar daxildir.

Bələdiyyə sədri ehtiyac olacağı təqdirdə yenidən yardım göndəriləcəyini qeyd edib.

Onun yardım kampaniyası sosial şəbəkənin Türkiyə seqmentində təqdirlə qarşılanıb.

Ayşən Mustafa
Globalinfo.az