“ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Szinpin arasında San-Fransisko şəhərində 4 saat çəkən görüşdə liderlər ikitərəfli gərginliyin azalmasına çalışıblar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Si Szinpin ABŞ-la gərginlikdə maraqlı olmadığını nümayiş etdirməyə çalışıb:
“Bunu görüşlərin statistikası da sübut edir. Szinpin Baydenlə bu günə qədər 7 dəfə görüşüb. Sonuncu dəfə ABŞ-a 6 il əvvəl Donald Trampın prezidentliyi dönəmində səfər etmişdi. Ancaq Szinpinin səylərinə baxmayaraq, bu illər ərzində iki ölkə arasındakı münasibətləri normallaşdırmaq mümkün olmayıb. Bunun obyektiv səbəbləri var. Buna baxmayaraq, iki ölkə lideri hərbçilər arasında təmasların bərpa olunması barədə razılaşma əldə ediblər. Bu dialoq əvvəlki illərdə də olub, münasibətlər gərginləşəndən sonra kəsilib. İki ölkənin müdafiə nazirləri yenidən təmaslara başlayacaqlar. Bu təmaslar 2023-cü ilin fevralında ABŞ səmasında Çinin kəşfiyyat aerostatının vurulmasından sonra dayandırılmışdı.
Bayden Szinpinə deyib ki, ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirəcək. Əslində bununla Bayden Szinpin vasitəsilə Çin liderinin dostu, Kreml sahibi Vladimir Putinə mesaj göndərib ki, Vaşinqton Ukraynaya dəstəkdən imtina etməyəcək. Çin lideri Rusiya-Ukrayna müharibəsinin davamının tərəfdarı olmasa da, savaşı dayandırmaq məqsədilə Putinə təsir etmək fikrindən uzaqdır.
Elxan Şahinoğlu
ABŞ-la Çinin Yaxın Şərqlə bağlı mövqeləri də o qədər oxşar deyil. Vaşinqton İsrailin terrorçularla mübarizə hüququnu dəstəkləyərkən, Pekin Qəzzada hərbi əməliyyatın dayandırılmasının tərəfdarıdır. San-Fransiskodakı görüşdə Tayvan mövzusu da müzakirə edilib. Vaşinqton “vahid Çin” konsepsiyasını tanısa da, Pekinin Tayvan adasını nəzarətə götürməsinin əleyhinədir. Szinpin üçün isə bu prinsipial məsələdir. Szinpin Baydenə deyib ki, ABŞ Tayvanı silahlandırmaqdan əl çəkməlidir. Vaşinqton bu siyasətindən imtina edən deyil. ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri də iki ölkə arasındakı münasibətləri xeyli gərginləşdirmişdi.
ABŞ və Çin liderlərinin San-Fransiskodakı görüşündə münasibətləri normallaşdıracaq irəliləyiş əldə olunmayıb. Hərbçilərin təmaslarını bərpa etmələri yeni mövzu deyil. Baydenin San-Fransisko görüşü ərəfəsində Szinpin yenə diktator adlandırması iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan xəbər verir. “Szinpin həqiqətən diktatordur. O kommunist ölkəyə rəhbərlik edən tək şəxsdir, bunu inkar etmək mümkün deyil” deyən Bayden bu fikirləri Szinpinlə görüşdən sonra yenidən təkrarlayıb. “Bloomberg” agentliyinin yayımladığı məqalədə Baydenin sözlərinin görüşdə əldə olunan nəticələrə kölgə saldığı yazıldı. Baydenin “diktator” ifadəsinə Çin Xarici İşlər Nazirliyi kəskin reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasında Baydenin çıxışı “məsuliyyətsizlik” adlandırılıb”.
Turan Rzayev
Globalinfo.az