Başımıza gələn “Global” hadisədən 1 il ötür – 365 günün sınağı

Zaman su kimi axıb gedir. Gözümüzü yumub-açınca ilk ad günümüz yetişdi. Biz su kimi axan zamanda durulduq, gücləndik. Bu, daha çox ruhun, iradənin təmizlənməsi, güclənməsi və sınanması oldu. 1 ildə münasibətlər sistemimiz, əlaqələrimiz də yeniləndi – böyüdü, miqyası genişləndi və keyfiyyət dəyişikliyi yaşadı.

Ötən 1 il bizi özümüzə daha yaxından tanıtdı.

İnsan belədir – bəzən özünü tanımaz olur. Ən çətin vəziyyətdən elə məharətlə çıxır, o mərhələni elə şəkildə adlayır, sonra geri baxanda özündən soruşur:

“Bunu mən etdim?”

Globalinfo.az komandası olaraq 365 gündə ortaya parlaq və peşəkar bir iş qoyduğumuz inancındayıq. Bu fikrimizi media mütəxəssislərinin rəyləri, peşəkarlığına, obyektivliyinə şübhə etmədiyimiz həmkarların fikirləri, tükü-tükdən seçməyi bacaran oxucuların sözləri də qüvvətləndirir. Hər kəsdən barəmizdə bunu eşidirik:

– Siz bacardınız!

Dostlar işimizi belə dəyərləndirir: “Bir neçə ildə gediləcək yolu bir neçə ayın içində qət etdiniz”.

Bu rəylər motivasiyamızı, enerjimizi artırır.

Ötən il bu günlər ölkənin gözü bizdə idi. Nə edəcəyimizi, ortaya necə bir iş qoyacağımızı dörd gözlə izləyirdilər, gözləyirdilər. Bacarmamaq variantını şüurumuzdan silmişdik. Bacarmamaq haqqımız yox idi. Bunu özümüzə qadağan etmişdik.

Bacarmayacağımızı gözləyənlər də gərək üzrlü saysınlar, onları pərişan etdik. Əvəzində oxucumuza çevrildilər.

Hər kəsə və hər şeyə rəğmən çalışdıq, zəhmət çəkdik, ağıl işlətdik və ölkəyə sağlam bir media subyekti qazandırdıq. Globalinfo.az yalnız bu saytda işləyənlərin deyil – cəmiyyətin hər bir sağlam düşüncəli fərdinindir.

İnformasiya mühitinin ən müxtəlif vasitələrlə çirkləndirildiyi indiki vaxtda sağlam media yaratmaq asan deyil. Üstəlik, bazarda kifayət qədər ciddi, sanballı resursların olduğu dövrdə boy göstərmək xeyli çətindir. Real, dürüst xəbərlərə təşnə olan oxucular var Azərbaycanda. Bunu bildiyimiz üçün o insanlara xitab etdik, onlar bizə üz tutdu.

Çox dost qazandıq. Hətta dostumuz olanları təzədən qazandıq. Onları kəşf etdik. Bu layihənin yaranmasında, yaşamasında, uğurlu olmasında bizə dəstək verən dostlara, həmkarlara bir ömür minnətdarıq.

İlk gündən redaksiyamızın qapısını açan, zəng edib, mesaj yazıb təbrik edən, xeyir-dua verən ziyalılara, millət vəkillərinə, diplomatlara, partiya rəhbərlərinə, QHT təmsilçilərinə, iş adamlarına, media nümayəndələrinə, doğmalara, sıravi insanlara şükranlarımızı yetiririk. Böyük ürəkli insanlar, yaxşı ki, varsınız.

Ən böyük qazancımız Globalinfo.az-ın qızıl kollektividir. Biz bir-birimizi tanıdıq. Sevdik. Bağlandıq. Ən əsas isə bir-birimizə və çıxdığımız yola inandıq.

Hədəfimiz böyüməkdir. Böyüyəcəyik. Buralara qədər gəlmişiksə, demək, yolun çətin hissəsini keçmişik. Fəqət arxayınlaşmamışıq. “Globalçı”ların şüarı belədir: “Daha yaxşısını edə bilərik”.

Sayt olaraq yaranmağımız və böyüməyimiz Azərbaycanın böyüməsi, ərazi bütövlüyünü tam bərpa etməsi ilə üst-üstə düşdü. Təsəvvür edin, 11 ayımız tamam olan gün Prezident İlham Əliyev bayrağımızı Xankəndidə yüksəltdi, ordan xalqa müraciət etdi. Biz o çıxışı yayan medianın sırasında idik. 1 ilin tamamına günlər qala Xankəndidəki hərbi paradın videosunu onlayn rejimdə verdik.

Biz yeni və qalib Azərbaycanın mediasıyıq.

Davamı yaxşı olacaq – həm bizim üçün, həm Vətən üçün…

Azər Ayxan
Globalinfo.az saytının təsisçisi və direktoru