Bakını “vurmağa” hazırlaşan dost ölkə – Nə baş verir?

Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova və Dnestryanı bölgənin dost olmayan ölkələr siyahısına daxil edilməsi təklif olunub. Daha əvvəl Azərbaycana dost olduğunu dəfələrlə bəyan edən rəsmi Vilnüsün belə addıma hazırlaşması təəccüb doğurur.

Bəs Litvanın bu yanaşmasının səbəbi nədir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova qeyd edib ki, Aİ ölkələri ABŞ-ın diktəsi altında fəaliyyət göstərir:

“ABŞ-ın hegemonluq siyasəti həmin ölkələrin Qərblə münasibətlərinə də təsir edir. Avropa İttifaqı ölkələri ABŞ-ın gələcəyi üçün çalışır. Bir-iki il sonra Avropa İttifaqı ümumiyyətlə olmayacaq, çünki dağılmağa məhkumdur.

Bundan başqa, ABŞ Çinlə yanaşı Rusiyaya qarşı da mübarizə aparır. Rəsmi Moskvaya tətbiq olunan sanksiyalar buna nümunədir.

Ramiyə Məmmədova

Ümumiyyətlə, Aİ ölkələri üçün “düşmən ölkə” adlanan siyahı tərtib edilib. Bu yanaşma isə təbii ki, özlərinə zərər vurur. Litvanın bu addımı həmin ölkələrlə iqtisadi-siyasi əməkdaşlığın bir daha baş tutmayacağına mesajdır”.

Politoloq qeyd edib ki, ABŞ regionumuzda sabitlik olmasında maraqlı deyil:

“3+3” formatının sonuncu iclasında regionda müharibənin olmaması ilə bağlı fikirlər səsləndirilib. Çünki bu münaqişələr həm də iqtisadi əlaqələrin kəsilməsidir. ABŞ regionda gedən inkişafın qarşısını almaq üçün əlindən gələni edir. Halbuki bu ölkələrin daxilində problem yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az