Bakıdakı silahlı basqınla bağlı TERROR VERSİYASI: Ekspert açıqladı

Xəbər verdiyimiz kimi, martın 4-də Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketinin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etsə də hadisə ilə bağlı bəzi iddialar ortaya atılır. Xüsusilə də hadisəni törədən şəxsin “Kalaşnikov” markalı avtomatdan istifadə etməsi baş verən hadisənin terror hadisəsi olma ehtimalını aktuallaşdırır.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, baş verən hadisənin terror hadisəsi olma ehtimalı azdır:

“Bu bəsit bir quldurluq hadisəsinə bənzəyir. Məqsəd isə sadəcə pul ələ keçirməkdir. Hadisəni törədən şəxsin əlində “Kalaşnikov” avtomatı olmasına gəldikdə isə deyə bilərəm ki, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrini görmüş bir ölkədir. Həmin müharibələr zamanı döyüş meydanında çoxlu silahlar qalıb. Kimsə bu silahı götürüb bu və ya başqa formada özü ilə gətirə və ya daha sonraları qanunsuz şəkildə sata bilər. Yəni məsələ hadisəni törədən şəxsin “Kalaşnikov”u hardan əldə etməsidirsə, buna bir çox fərqli izah vermək olar.

Lakin bu o demək deyil ki, hadisə terror hadisəsidir. Misal üçün, İranda səfirliyimizə edilən silahlı hücum terror hadisəsi idi. Çünki bu hadisə birbaşa İran hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə təşkil edilmişdi. Lakin hipermarketə edilən hücum terror hadisəsi deyil. Hər iki hadisənin motivi fərqlidir. Bu, sadəcə qulduruluq hadisəsidir”.

Turan Rzayev
Globalinfo.az