Bakıda qardaş qardaşının evinə niyə qumbara atıb? – ŞOK TƏFƏRRÜAT

Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində qardaşının evinə qumbara atan 1988-ci il təvəllüdlü Ramin İsakovun törətdiyi əməllə bağlı təfərrüat üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, Ramin İsakovun kiçik qardaşı Rəşadla pula görə mübahisəsi yaranıbmış. Belə ki, hadisədən əvvəl Ramin valideynləri ilə əmlak bölgüsünə görə mübahisə edərkən Rəşad müdaxilə edib. Bu səbəbdən qardaşların arasında münasibət pisləşib. Həmçinin Ramin Rəşadın evinin təmiri zamanı ona 770 manat borcu yarandığını bildirərək qardaşının pulu ödəməsini tələb edib. O, pulun ödənilməməsini özünə təhqir hesab edib. Və gizlətdiyi F-1 qumbarasını onun evinə ataraq qardaşı və ailə üzvlərini öldürmək, evi isə məhv etmək qərarına gəlib. Amma Ramin qumbaranı atarkən pəncərədən içəri düşməyib, divara dəyərək yerdə partlayıb.

Hadisə vaxtı Rəşad İsakov, onun arvadı və azyaşlı övladları evdə olublar.

Faktla bağlı Ramin İsakov barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7, 29, 186.2.2 və 228.1-ci maddələri (iki və daha çox şəxsi öldürməyə cəhd, xüsusi amansızlıqla adam öldürməyə cəhd, əmlakı məhv etməyə cəhd, qanunsuz silah saxlama) maddələri ilə iş açılıb.

Füzuli rayonu Merdinli kəndində qeydiyyatda olmaqla Maştağa qəsəbəsi Daş Karxanası nömrəsiz ünvanda yaşamış R.İsakov həbs edilib və barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses yanvarın 13-də başa çatıb. Ramin İsakov qeyd edilən maddələrlə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı R.İsakovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Zaira Akifqızı
Globalinfo.az