Aparıcı İlkin Həsəni parklanma haqlarının hesablanması qaydasının dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) və “AzParking”ə təklif irəli sürüb. O bildirib ki, saatlıq tarif tətbiq edildikdə sürücülər avtomobili tam bir saat saxlamasalar belə, nəzərdə tutulan məbləği ödəməli olurlar.
İlkin Həsəni nümunə olaraq 1 saatı 1 manat olan parklanma yerini göstərib. Onun sözlərinə görə, avtomobil yarım saat saxlanıldıqdan sonra həmin yerə başqa maşın gəlib yenə yarım saat dayanarsa, nəticədə eyni parklanma yerindən bir saat ərzində istifadə edən iki sürücü ümumilikdə 2 manat ödəyir. Aparıcı hesab edir ki, ödəniş dəqiqə ilə hesablansa, hər iki sürücü yalnız istifadə etdiyi müddətə uyğun olaraq 50 qəpik ödəyər və bir saatlıq parklanma yerindən yenə 1 manat gəlir əldə olunar.
O, 15 dəqiqəlik pulsuz parklanma qaydasının saxlanılmasını, bu müddətdən sonra isə ödənişin avtomobilin faktiki dayandığı dəqiqələrə uyğun hesablanmasını təklif edib.
Bəs AYNA və “AzParking” İlkin Həsəninin bu təklifinə baxmalıdırmı?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bunun tətbiqi mümkündür:
“Bu xidmətlər üzrə növbə sistemində bir saata, iki saata, üç saata qədər yazılmır. Orada fərqli saatlar göstərilir. Bu, dövlət tərəfindən qəbul edilmiş qərar əsasında tənzimlənən məsələdir. “AzParking” özbaşına belə bir qərar qəbul etmir. Mövcud şəraitdə bu məsələyə yenidən baxmaq mümkündür, amma bunun ayrıca və aydın mexanizmi müəyyənləşdirilməlidir.
Hökumətin müvafiq qərarı olmalıdır ki, bu məsələ hansı qaydada tənzimlənsin. Güman edirəm ki, hazırda hansı qərar qəbul edilibsə, “AzParking” də həmin qərarı icra edir”.
Zaira Akifqızı
Globalinfo.az