BeFunky collage 4

Bakıda daha bir məşhur restoranın söküləcəyinə dair məlumat yayılıb. 

Globalinfo.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən “Xal-Xal” restoranının artıq söküntüsünə başlanıldığı bildirilir.

Məlumata görə, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilməsi və yerində avtomobil tunelinin inşası nəzərdə tutulub. Restoranla bağlı qərarın da məhz bu səbəbdən verildiyi deyilir.

Maraqlıdır ki, bundan öncə Nərimanovda yerləşən məşhur “Şəki” restoranının sökülməsilə bağlı məlumat yayılıb. Ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran söküldüyü, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verildiyi müəyyənləşib. Hətta sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanır. Bu haqda ilk dəfə Globalinfo.az xəbər verib.

Bundan əlavə, 2025-ci ilin əvvəlində paytaxtın digər bir məşhur restoranı olan “Şuşa”nın da sökülməsinə qərar verilib. Nərimanov Rayon İcra Hakimiyyəti restoranının ərazisinin park statusuna malik olmasına baxmayaraq illər öncə özəlləşdirildiyini və qeyri-qanuni olaraq sənədlər əldə edildiyini açıqlayıb.

Həmçinin “Şuşa” restoranı ilə bağlı qərardan sonra məşhur “Çanaqqala” restoranının da söküntüsünə başlanılacağı iddia edilib. Bu restoran da əvvəlkilərlə eyni ərazidə yerləşir və “Şuşa” ilə bir restoranlar şəbəkəsinə aid olduğu deyilir.

Globalinfo-nun əldə etdiyi məlumata görə, paytaxtın mərkəzi hissələrində fəaliyyət göstərən bir neçə prestejli restoran və şadlıq evinin də yaxın vaxtlarda plana düşəcəyi, bu səbəbdən sölküləcəyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: