canaqqala 1

“Şuşa” restoranının və digər bu tip iaişə obyektinin sökülməsi bəzi məsələləri gündəmə gətirib. Onlardan biri də “Çanaqqala” restoranı ilə bağlıdır. İddialara görə, adıçəkilən restoranın da yaxın zamanda söküləcəyi gözlənilir.

“Şuşa” ilə “Çanaqqala” eyni ərazidə yerləşir. Onların arasında bir neçə yüz metr məsafə var. Eyni restoranlar şəbəkəsinə aid olduğu deyilir. “Çanaqqala” bir vaxtlar Bakıdakı restoranlar arasında lider mövqedə olub. Hazırda da onun müştəri baxımdan vəziyyəti yaxşıdır. Nərimanov rayonunda yerləşən bu iaişə obyekti 90-cı illərin ortalarından 2000-ci illərin ilk on illiyinə kimi insanlar tərəfindən qeyd-şərtsiz tərcih edilən restoranların başında gəlirdi.

Bəs bu deyilənlər nə dərəcədə doğrudur? Sökülmək növbəsi bu restorana da çatacaq?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov sahibkarlara obyektlərin sənədlərini tam qaydasında saxlamağı məsləhət görüb.

Deyib ki, əgər çatışmayan nəsə varsa, onu vaxtında həll etsinlər:

“Xüsusilə çıxarışı olan təyinatı üzrə qeyri və ya fərdi yaşayış tipli kateqoriyaya aid olan obyektlərdə söküntü zamanı istər dövlət layihəsi, istər hər hansı bir özəl şirkət olsun, kompensasiya nəzərə alınır. Əksər hallarda yeni binalar tikiləndə bu, söküntü planına keçə bilər. Çıxarışı olan obyektlərdə problemi olmur. Çünki obyektlər evdən bir az fərqlidir. Məsələn, evin həmin ərazidə 1 kvadratı 2 mindirsə, çıxarışı olan obyekt artıq 3500-4000 manatdan hesablanır. Hətta iaşə obyektlərində kommunal ödənişlər də 2-3 dəfə baha olur. Ona görə də həmin obyektlər söküntü zamanı mənzildən iki qat baha hesablanır”.

Ekspert 2015-ci ildən Bakı şəhər üzrə söküntü işlərinin həyata keçirildiyini qeyd edib:

mulkedar rustemov

Mülkədar Rüstəmov

“Hansı ərazidə söküntü işlərinin aparılacağını ancaq icra hakimiyyəti bilər. Plana uyğun olaraq öncədən obyekt və ya fərdi ev sahiblərinə məlumat verilir ki, yaxın vaxtlarda həmin ərazilərdə söküntü işi aparılacaq. Ondan sonra komissiya gəlir hər bir şəxslə görüşür. Çıxarışı olan obyekt sahibləri bu barədə narahat olmasınlar. Onlar bazar dəyərinə uyğun kompensasiya ilə təmin olunacaqlar”.

M.Rüstəmov “Çanaqqala” və digər iaşə obyektlərinin söküləcəyindən məlumatsız olduğunu bildirib:

“Bildiyiniz kimi, “Keşlə Bazarı” söküləcək və onun artıq yeni ünvanı da bəllidir. Həmin bazar “Dərnəgül Bazarı” kimi tanınan əraziyə keçiriləcək. Lakin ad da “Keşlə bazarı” olacaq. Başqa iaşə obyektlərinin sökülüb-sökülməyəcəyi barədə biz bir söz deyə bilmərik. Bu haqda yalnız icra hakimiyyətlərinin məlumatı olur. Təəssüflər olsun ki, bu barədə də öncədən məlumatlandırma verilmir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: