WhatsApp Image 2023 11 23 at 08.21.41

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***11:35

Dərnəgül bazarındakı tikinti materialları bazarında baş verən yanğın zamanı poladəritmə zavodunu elektrik enerjisi ilə təmin edən ikidövrəli 110 kV-luq yüksəkgərginlikli elektrik xətti əyilib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, sözügedən xəttin altında mühafizə zolağı gözlənilməyib. Yanğın məhz xəttin altında olduğundan dayaq əriyərək deformasiyaya uğrayıb.

Hadisə ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəisi Vaqif Aydınoğlu saytımıza bildirib ki, hadisədən məlumatlıdırlar:

“Sözügedən 110 kV-luq dirəyin deformasiyaya uğraması səbəbindən təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi tam dayandırılıb”.

***10:05

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

FHN Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***09:54

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.

Globalinfo.az-ın xəbərinə görə, “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***09:43

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirlərini davam etdirir.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

***09:11

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədir.

Globalinfo.az xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.

***08:39

Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

X X X

Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.

Əlavə məlumat veriləcək.

X X X

Nərimanov rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğın baş verib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əraziyə polis əməkdaşları cəlb olunub. Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

WhatsApp Image 2023 11 23 at 08.21.41 2 WhatsApp Image 2023 11 23 at 08.21.41 1

Paylaş: