Bakıda əsir olan erməni mayor hansı məlumatları ötürüb? – SENSASİON DETALLAR

2021-ci ildə Azərbaycanda əsirlikdə olan Ermənistan ordusunun mayoru və bir hərbçisi İrəvan hökuməti tərəfindən casusluqda ittiham edilir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

İddiaya görə, Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin maddi-texniki təminat üzrə komandir müavini, mayor rütbəli A.N başqa bir hərbi qulluqçu A.T ilə 2021-ci ilin iyul ayında Azərbaycan ordusu tərəfindən əsir götürülüblər. Onlar Zəngəzurun İşxanasər adlanan ərazisində döyüş mövqelərinə ərzaq daşıyan zaman Azərbaycanın nəzarətində olan “Qara göl” ərazisindən keçərdən yaxalanıb, Bakıya gətiriliblər.

Baş Prokurorluq iddia edir ki, mayor A.N 2021-ci il sentyabrın 7-dək Bakı şəhərinin cəzaçəkmə müəssisələrindən birində əsirlikdə olarkən xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair yazılı müqavilə imzalayıb.

Həmin il sentyabrın 7-də əsirlər Ermənistana qaytarılıb. Mayor isə 2021-ci ilin dekabrında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə kommunal əməliyyat xidmətinin rəisi təyin edilib. O, fəaliyyəti müddətində dövlət sirlərini əməkdaşlıq etdiyi xarici xidmət orqanlarına ötürüb. Qarşılığında isə guya 20 min 200 dollar məbləğində pul alıb.

2023-cü ilin fevral ayında mayora qarşı rəsmi ittiham irəli sürülüb və haqqında istintaq başladılıb. Ermənistan baş prokurorunun 6 mart 2023-cü il tarixli qərarı ilə ittiham “təsdiqini tapıb”. Nəticə olaraq cinayət işinin materialları İrəvan Şəhər Birinci İnstansiya Cinayət Məhkəməsinə verilib.

Ayşən Mustafa
Globalinfo.az