Bakıda köhnə tikili binaların qiymətində artım müşahidə olunur. Bildirilir ki, əvvəllər daha sərfəli hesab olunan köhnə mənzillər artıq yeni tikililərlə rəqabət aparır.
Buna səbəb nədir?
Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, bunun əsas səbəblərindən biri bazarda mənzil fondunun məhdud olması və əmlak qıtlığının ildən-ilə artmasıdır:
“Eyni zamanda, son beş il ərzində tikinti şirkətləri arasında rəqabətin azalması da qiymətlərin yüksəlməsinə təsir edən amillərdən sayılır. Qeyd edim ki, son 10 ildə yeni tikinti icazələrinin sayı təxminən on dəfə geriləyib, bu da bazarda təklifin azalmasına səbəb olub. Nəticədə mövcud mənzillərə, o cümlədən köhnə tikililərə tələb artıb, qiymətlər yüksəlib”.
Elnur Azadov
Ekspert bildirib ki, hazırda ipoteka predmeti olan əmlaklar isə daha çox bahalaşıb:
“Çünki ipoteka kreditləri vasitəsilə əldə edilə bilən mənzillərə tələb daha yüksək olur. Bu vəziyyət bazarda xüsusilə köhnə tikililərin qiymətinin artmasına əlavə təkan verir. Təklifin məhdud, tələbin isə yüksək qalması yaxın dövrdə qiymətlərin artım meylini davam etdirə biləcəyini göstərir”.
Ləman İmran
Globalinfo.az