Bakı və İrəvanı barışdırmaq istəyən şəxs aradan çəkilir – Mişelin gedişi nə vəd edir?

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər. Bu barədə Ş.Mişel Belçika qəzetlərinə müsahibəsində açıqlayıb. Buna səbəb isə Mişelin Avropa Parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olmasıdır.

“2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlmişəm. Seçilsəm, öz yerimi tutacağam. Avropa Şurası isə iyunun sonunda və ya iyulda yeni sədri elan edə bilər”, – deyə o vurğulayıb.

Maraqlıdır, Avropa İttifaqı Şurasının yeni sədri Azərbaycana nə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Şarl Mişelin Avropa İttifaqı Şurasının sədri vəzifəsindən getməsi rəsmi Bakı üçün risk təşkil etmir:

“Məsələ ondadır ki, rəsmi Bakı üçün Avropa İttifaqı Şurası kitabı bağlanıb. Belə ki, təşkilatın bundan sonra Ermənistan-Azərbaycan münaqişəsi üçün edə biləcəyi heç nə yoxdur:

Birincisi, Azərbaycan Ermənistan ilə vasitəçilər olmadan danışıqlar aparmaqda maraqlıdır. Yəni daha Avropa İttifaqı Şurası və digər formatlara ehtiyac qalmayıb.

İkincisi, Avropa İttifaqı Şurası rəsmi Bakı nəzdində etibarını itirib. Xüsusilə Şarl Mişelin Fransa Prezidenti Emmanuel Makron ilə əleyhimizə verdiyi son bəyanat təşkilatın sülh prosesində iştirakını mümkünsüz etdi.

Bundan başqa onu da nəzərə almaq lazımdır Azərbaycan xarici siyasətini fərdlər üzərindən deyil, təşkilat və ölkələrin sərgilədiyi mövqeyə əsasən təyin edir. Mişeli əvəzləyəcək şəxs korlanan münasibətləri bərpa edə bilər. Lakin bu nisbi bir şeydir. Təşkilatın qərarı dəyişməsə onu əvəzləyəcək şəxs münasibətləri daha da korlaya bilər”.

Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasına rəhbərlik edir. Bundan əvvəl isə Belçikanın Baş naziri olub. Onun Aİ Şurasının Prezidenti olaraq səlahiyyət müddəti cari ilin noyabrında başa çatır. Avropa Parlamentinə seçkilər isə iyunun 6-dan 9-na qədər keçiriləcək.

Turan Rzayev
Globalinfo.az