Bakı və İrəvan növbəti razılaşmaya hazırdır – Danışıqlarda yeni gəlişmə

Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları davam edir. Rəsmi Bakı ikitərəfli formatdan yanadır, lakin onu da anlayır ki, münasibətlər baxımından Qərb platformasından imtina uzun müddət davam edə bilməz. Məhz buna görə Türkiyənin də masada iştirakını irəli sürür. Azərbaycan XİN başçısı Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşdə bunu açıqladı.

Maraqlıdır, rəsmi Ankaranın prosesdə iştirakı Qərbi qane edəcək? Kreml Ankaranın iştirakını öz maraqları üçün təhdid hesab edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycan və Ermənistan arasında növbəti razılıqların çərçivəsi elan olunub:

“Görünür, Azərbaycan və Ermənistan kənar qüvvələrin rolu olmadan ortaq nöqtə tapmağa cəhd edirlər. Lakin lazım gələrsə üçüncü ölkələrin prosesdə iştirakı da istisna deyil.

Aqşin Kərimov

Bunu Azərbaycan Baş naziri Əli Əsədovun təsdiqlədiyi reqlamentdə əks olunan diqqət çəkən məqam da təsdiqləyir. Söhbət Azərbaycan və Ermənistan əraziləri ilə yanaşı, üçüncü ölkələrin də ərazisində görüşlərin keçirilməsindən gedir. “Üçüncü ölkə” deyilərkən, böyük ehtimalla Gürcüstan nəzərdə tutulur. Lakin Türkiyənin olması da mümkündür”.

Politoloq Xəyal Bəşirov isə deyib ki, Azərbaycanın Qərb platformalarından imtina etmək niyyəti yoxdur:

“Biz sülh müqaviləsinin qısa zamanda imzalanmasını istəyirik və bunun hansı platformada, hansı vasitəçilərin iştirakı ilə olması bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Azərbaycan bu məsələdə Ermənistanın şıltaqlıqlarına dözmək niyyətində deyil.

Xəyal Bəşirov

Sülhün imzalanması ilə bağlı ən böyük problem Ermənistan tərəfidir. Rəsmi İrəvan qarşılıq verməsə əlbəttə ki, sülh imzalanmayacaq. Azərbaycan platformalardan daha çox nəticəyə fokuslanıb. Sonunda sülh olacaq bütün vasitələr bizim üçün məqbuldur.

Son günlər rəsmi Bakının atdığı addımlar da sülh istədiyimizi göstərir. Misal üçün, birgə sərhəd komissiyalarının, görüşün keçirilməsi, hərbçilərin qarşılıqlı dəyişdirilməsi pozitiv məqamlardır. Bu prosesin davamlı olması heç şübhəsiz yekunda sülhün imzalanmasına da gətirib çıxaracaq”.

Turan Rzayev
Globalinfo.az