
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın Bakı-İrəvan danışıqlarında vasitəçiliyini qəbul etməyəcəyini açıqlayıb. O bunu rəsmi Moskvanın əvvəlki illərdə münaqişə ilə bağlı məsələlərdə atdığı addımlarla əlaqələndirib.
Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində ən ciddi cəhdi 2022-ci ilin oktyabrında Soçidə oldu:
“Ortaya qoyulan layihəni Ermənistan imzalamağa razı olsa da, Azərbaycan qətiyyətlə imtina etdi. Çünki həmin layihənin 15-ci bəndində Qarabağın statusu ilə bağlı müəyyən fikirlər var idi. Ondan sonra Rusiya vasitəçilikdən kənarlaşdırıldı. Hazırda da Kremlin vasitəçi olmaq şansı yoxdur. Çünki bir tərəfdən Ermənistan bu vasitəçiliyi istəmir, digər tərəfdən isə Azərbaycan təyyarəsinin vurulmasından sonra Rusiyanın vasitəçilik şansı aradan qalxdı. Kreml təyyarə qəzasından sonra sivil dövlət olmadığını bir daha göstərdi”.

Abutalıb Səmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan razılaşdırılmamış bəndlərin, o cümlədən Ermənistan konstitusiyasında olan ərazi iddialarının aradan qaldırılması üçün ABŞ-ın yardımına ehtiyac var:
“ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyana müəyyən “məsləhətlər” verməlidir. Bunun ardınca iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Rusiyanın prosesə müdaxiləsi isə arzuolunan deyil”.
Safura Bənnayeva
Globalinfo.az