Azərbaycanlı milyarderin səs yazısı Putini qorxutdu – VİDEO

Rusiyada yüksəkvəzifəli məmurların xaricə səfərlərinin qarşısını almaq üçün pasportları əllərindən alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Faynənşıl Tayms” qəzeti yayıb.

Məlumata görə, məmurların pasportlarının əllərindən alınması əmri birbaşa Kremldən gəlib:

“Təzyiqin güclənməsi Kreml və Federal Təhlükəsizlik Xidmətinin elitanın loyallığı ilə bağlı şübhələrinin olmasını əks etdirir. Onsuz da elita nümayəndələrinin çoxu müharibəyə qarşı çıxış edir və bunun onların həyatına təsirindən narazıdırlar”.

Qəzetə danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xarici səfərlərin həssas işlərdə çalışan məmurlar üçün məhdudlaşdırıldığını deyib.

Qeyd edək ki, xüsusilə azərbaycanlı milyarder Fərhad Əhmədovun rusiyalı prodüser İosif Priqojinlə telefon danışığının yayılmasından sonra Moskva elita üzərində nəzarətini həddən artıq artırıb. Belə ki, Əhmədovla Priqojinin telefon danışığında hər iki şəxsin müharibəyə qarşı çıxdığı, eləcə də Rusiya hakimiyyət dairələrini savaşa görə qınadıqları yer alıb. Digər tərəfdən, onlar artıq Rusiyanın gələcəyinə ümidlərini itirdiklərini bəyan ediblər.

İlkin Həsənov
Globalinfo.az