ilham eliyev azerbaycan abs munasibteleri hazirda pik seviyyededir 1783922285

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın “orta güc” kimi xarakterizə olunmasına münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, bəzi ekspertlər artıq Azərbaycanı “orta güc” kimi qiymətləndirirlər və o, bu yanaşmaya etiraz etmir.

Prezidentin sözlərinə görə, ölkənin potensialı, müstəqil siyasət yürütməsi, milli maraqlarını müdafiə etmək bacarığı, real müdafiə qabiliyyəti, hüdudlarından kənarda baş verən proseslərə təsir imkanları və regionda baş verənlərə görə məsuliyyət daşıması “orta güc” statusunu müəyyənləşdirən əsas meyarlar sırasında yer alır.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Azərbaycanın “orta güc”  statusuna yüksəldiyini vurğulaması ölkənin son illərdə formalaşdırdığı xarici siyasət strategiyasının məntiqi davamı kimi qiymətləndirilə bilər:

“Ölkə başçısının da qeyd etdiyi kimi müasir beynəlxalq münasibətlər sistemində “orta güc” anlayışı yalnız iqtisadi göstəricilər və ya hərbi imkanlarla ölçülmür. Bu status eyni zamanda dövlətin beynəlxalq proseslərə təsir etmək, müxtəlif tərəflər arasında etibarlı tərəfdaş kimi çıxış etmək və regional sabitliyə töhfə vermək potensialını ifadə edir.

Son onillikdə Azərbaycanın xarici siyasətində müşahidə olunan əsas xüsusiyyətlərdən biri də məhz elə qərarların milli maraqlar əsasında qəbul edilməsi və beynəlxalq münasibətlərdə çevik balansın qorunmasıdır. Mürəkkəb geosiyasi mühitdə müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli qurmaq ölkənin diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu yanaşma Azərbaycanın yalnız regional proseslərin iştirakçısı deyil, müəyyən hallarda onların istiqamətinə təsir göstərən aktora çevrildiyini nümayiş etdirir.

“Orta güc” statusunun əsas göstəricilərindən biri dövlətin geosiyasi və geoiqtisadi əhəmiyyətidir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərində, enerji təhlükəsizliyinin təmin edilməsində və Orta Dəhlizin inkişafında oynadığı rol ölkənin beynəlxalq çəkisini artıran mühüm amillərdəndir. Xüsusilə qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı dövrdə Azərbaycanın tranzit və logistika imkanları təkcə region üçün deyil, daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə

Politoloq bildirib ki, digər mühüm məqam təhlükəsizlik məsələsidir:

“Müasir dünyada dövlətin nüfuzu onun iqtisadi göstəriciləri ilə yanaşı, milli təhlükəsizlik sisteminin dayanıqlığı və müdafiə imkanları ilə də müəyyən edilir. Azərbaycanın son illərdə müdafiə potensialının gücləndirilməsi, təhlükəsizlik sahəsində institusional imkanlarını artırması və regional sabitliyin qorunmasına yönəlmiş təşəbbüsləri onun beynəlxalq mövqeyini möhkəmləndirən amillər sırasında qiymətləndirilir.

Bununla yanaşı, “orta güc” statusu daha böyük məsuliyyət də yaradır. Belə dövlətlərdən yalnız öz milli maraqlarını qorumaq deyil, həm də regional əməkdaşlığın təşviqi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və münaqişələrin həllinə töhfə verməsi gözlənilir. Azərbaycanın son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, enerji və nəqliyyat sahələrində çoxtərəfli layihələrin təşəbbüskarlarından biri kimi çıxış etməsi, həmçinin müxtəlif platformalarda dialoqu təşviq etməsi bu istiqamətdə artan rolunun göstəricisi hesab oluna bilər.

Odur ki, cənab Prezidentin səsləndirdiyi tezis Azərbaycanın son illərdə qazandığı geosiyasi mövqenin konseptual qiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Ölkənin müstəqil qərarvermə qabiliyyəti, strateji nəqliyyat və enerji layihələrindəki rolu, diplomatik çevikliyi və regional sabitliyə verdiyi töhfələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində təsir imkanlarının genişləndiyini göstərir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: