Türkiyəli analitik Engin Özər Tehranın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıqlarını şərh edərkən deyib ki, İranın Zəngəzur məsələsinə baxışını Hindistanla strateji əməkdaşlığı ilə əlaqələndirmək lazımdır:
“İran Hindistanın Şimal-Cənub dəhlizinin bir parçasıdır. Bu nəqliyyat yolunun ortaqlarından biri Azərbaycan, digəri Rusiyadır. Dolayısı ilə Hindistan hazırda Çinin dünyadakı ən böyük rəqiblərindən birinə çevrilmək üzrədir”.
Hindistan ABŞ-ın təhriki ilə İpək Yolu layihəsinə – hansı ki, Zəngəzur dəhlizi də onun tərkib hissəsidir – alternativ, rəqib yol projesinə başlaya bilər. Belə bir məqamda Azərbaycan riskləri azaltmaq, manevr imkanlarını genişləndirmək üçün Hindistanla siyasi, iqtisadi əlaqələri gücləndirə bilərmi? Bakı bu cür qarışıq, mürəkkəb geopolitik qarşıdurmadan az itki ilə çıxmaq üçün Çinin rəqibləri, Ermənistanın dəstəkçiləri ilə uyğun münasibət sistemi formalaşdırarmı?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Hindistan silah bazarında yenidir:
“Dehlinin Cənubi Qafqaza artan marağı sırf silahlarını sınaqdan keçirmək istəyi ilə bağlıdır. Daha dəqiq desək, Hindistan Ermənistanla Azərbaycan arasında münaqişənin fərqindədir. Düşünür ki, tərəflər arasında sərhəddə yenidən hərbi gərginlik ola bilər. Buna görə Ermənistana silahları ucuz satır.
Azərbaycan aşağı keyfiyyətli Hindistan silahlarını almayacağı üçün bizə belə təklif edilmir. Ermənistan isə ucuz silah almaqda maraqlıdır. Yəni İrəvan üçün kəmiyyət keyfiyyətdən öndədir.
Bununla belə, Hindistanın Ermənistana silah satması Azərbaycanı narahat edir. Dehli bir neçə dəfə bunu izah etməyə çalışsa da, Bakı üçün İrəvanın silahlandırılması qəbuledilməzdir”.
Q.Hüseynli deyib ki, Hindistanla Azərbaycan arasında gərginlik yoxdur:
“İki ölkə kifayət qədər yaxındır. Hindistan silah satışı məsələsini münasibətlərdən kənarda tutmağa çalışır. Yəni münasibətlər pozulmasın, amma Dehli İrəvana silah satsın. Onların yanaşması belədir.
Hindistan-Azərbaycan münasibətlərində diqqətçəkən digər məsələ isə Bakının Pakistan və Çinlə münasibətləridir. Aydın məsələdir ki, Azərbaycan hər iki ölkə ilə yaxın əlaqələrə malikdir. Bu iki ölkə isə Hindistanın düşmənləridir. Yəni Ermənistana silah satışı həm də bu kontekstdə dəyərləndirməlidir”.
Turan Rzayev
Globalinfo.az