Paşinyana Qərbdən və Rusiyadan təzyiq var – Ermənistan çıxılmazda

“Rusiya Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı deyil. Bunun ən bariz nümunəsini Ermənistanda baş verən son hadisələr fonunda görmək olar. Baş nazir Nikol Paşinyan parlamentdə son çıxışı zamanı “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, “sülh sazişini imzalamağa hazırıq” deməsi Kremli narahat edib”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Ermənistanda baş verən son hadisələri dəyərlərndirərkən deyib.

Onun sözlərinə görə, Paşinyan sülhə dair verdiyi açıqlamalar fonunda iğtişaşların olması, hətta onun özünə qarşı hərbi çevriliş cəhdinin olması belə gözlənilir:

“Paşinyan Rusiyanın 200 illik planını pozmaq istəyir. Söhbət heç də onun Azərbaycanla sülh müqaviləsi imzalamaqda həvəsli olmasından getmir. Nəticə etibarilə o da bir ermənidir və digər erməni liderlər kimi əlində fürsət olsa işğalçılıq planları icra edər.

Məsələ ondadır ki, Paşinyan Rusiyanın daha Ermənistanın işğalçılıq planlarına dəstək verməyəcəyini bilir. Kreml Ermənistan-Azərbaycan gərginliyini qızışdırsa da Ermənistana dəstək də vermir. Paşinyan isə bütün bunlardan bezib. Bundan başqa bu gün Paşinyana Qərbdən də ciddi təzyiqlər var.

Qərb regionda sülhün əldə edilməsi üçün Ermənistanın mütləq Azərbaycan ərazi bütövlüyünü tanımasını tələb edir. Çünki Qərb bilir ki, münaqişə qaldıqca və Ermənistan Rusiyanın təhriklərinə aldandıqca Cənubi Qafqazda Kremlin təsir gücü azalmayacaq”.

Qabil Hüseynli

Politoloq deyib ki, Ermənistan ordusunda və müxalifətdə Rusiya meylli qüvvələrin sayı kifayət qədər çoxdur:

“Paşinyan hakimiyyətdə olduğu müddətdə bu qüvvələri təmizləməyə çalışsa da buna tam nail ola bilməyib. Ona görə də onun sülh istiqamətində verdiyi bəyanatlar fonunda etirazlar başlayıb. Ordu daxilində belə Paşinyana qarşı ciddi bir müxalif kütlə var. Bu kütlə Kremlin ona qarşı əsas təzyiq metodudur.

Hesab edirəm Paşinyan indiki məqamda dediklərindən yayınmalı olacaq. Bu isə sülh prosesinin uzanması deməkdir”.

Turan Rzayev
Globalinfo.az