Azərbaycanın Fintek sahəsinin gələcəyi nə vəd edir? – Vüsal Süleymanov ilə müsahibə

fintek

Azərbaycanın Fintek sahəsində maraqlı və davamlı layihələrə imza atmış Vüsal Süleymanov deyir ki, COP29 göstərdi ki, bir sıra sahələr kimi, maliyyə dayanıqlılığı da artıq qaçılmazdır.

Azərbaycan Fintek Assosiasiyasının (AZFINA) ekspert qrupunun üzvü və ölkənin rəqəmsal ödəniş infrastrukturunun inkişafında yaxından iştirak etmiş ekspert Azərbaycanda maliyyə xidmətlərinin inkişafı, inqilabi layihələrdəki töhfələri və gələcəyi haqqında fikirlərini bölüşür.

-Vüsal müəllim, müasir maliyyə alətləri sahəsində biliklərə necə yiyələnmisiniz? Təhsiliniz bu dinamik sahədə karyeranıza necə təsir göstərib?

-Mən hər zaman iqtisadiyyat və biznesə dərin maraq göstərmişəm və bu maraqları akademik səviyyədə inkişaf etdirmək imkanına malik olduğum üçün özümü şanslı hesab edirəm. ABŞ-ın Miçiqan ştatında aldığım MBA dərəcəsi korporativ strategiya və biznes inkişafı sahəsindəki biliklərimi formalaşdırmaqda mühüm rol oynayıb. Bundan əvvəl isə Azərbaycanda Bakı Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili almışam. Oradakı əhatəli tədris planı mənim biznes və maliyyə sahəsində inkişafımı dəstəkləyən möhkəm baza təmin edib.

-Elektron ödəniş sahəsində ixtisaslaşmağa necə qərar verdiniz və bu yolda sizi motivasiya edən nə oldu?

-Elektron ödəniş sahəsində ixtisaslaşma qərarım maliyyə xidmətlərinin əlçatanlığını və genişmiqyaslı istifadəsini stimullaşdırmaq arzusundan irəli gəlirdi. Karyeramın erkən mərhələlərində rəqəmsal ödəniş sistemlərində möcud olan qeyri effektiv tərəfləri aradan qaldırmaq və xüsusilə Azərbaycan kimi inkişaf etməkdə olan bazarlarda inklüziv həllər təqdim etmək potensialı diqqətimi cəlb edirdi. Ödənişləri sadələşdirən və maliyyə xidmətlərini kənd yerlərinə və az təminatlı icmalara əlçatan edən sistemlər qurmaq ideyası məni yaxından cəlb edirdi.

Bu işdə əsas motivasiyam isə bu cür nailiyyətlərin real təsirini praktikada görməkdir. Məsələn, MPay və ASAN Pay kimi layihələr vasitəsilə ödəniş proseslərini sadələşdirmək, etibarlılığı təmin etmək və maliyyə xidmətlərini insanlara daha yaxın etmək mümkün oldu. Bu sistemlərin ödəyicilər və bizneslər üçün gündəlik həyatın əvəzsiz bir hissəsinə çevrildiyini görmək bu sahəni inkişaf etdirmək istəyimi gücləndirirdi.
Elektron ödəniş sahəsi təkcə innovasiyanı deyil, həm də inkişafı əhatə edir və bu işlərin bir hissəsi olmaq mənim üçün çox əhəmiyyətli idi.

-Fintek və ödəniş həlləri sahəsində geniş təcrübənizi nəzərə alsaq, böyük özəl şirkətlərlə işləmək liderlik və innovasiya yanaşmanıza necə təsir edib?

-Mənim Fintek və ödəniş həlləri sahəsindəki karyeram həm qeyri-kommersiya, həm də korporativ mühitdə işləmək təcrübəmə əsaslanır. İlk təcrübə kimi, Oxfam Azərbaycanda Daxili Auditor olaraq işə başladım. Bu erkən təcrübə mənə maliyyə idarəçiliyi və komplayns sahəsində güclü təməl qurmağa və bunu sonradan özəl sektorda tətbiq etməyə imkan yaratdı.

Daha sonra Azərbaycanın ən böyük telekommunikasiya şirkəti olan Azercell-də karyeramı davam etdirdim. Burada qiymətləndirmə, tarif siyasəti və müştəri seqmentasiyası ilə məşğul olurdum. Bu dövrdə, İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) müxtəlif sahələrdə, xüsusilə ödənişlərdə, innovasiyanı necə stimullaşdıraca biləcəyini gördüm. Bu məni Modenis (eManat) şirkətinə gətirdi, burada İcraçı Direktor müavini kimi çalışdım. Bu rolda, ASAN Pay sisteminin ödəniş terminallarına inteqrasiyasına rəhbərlik etdim, bu isə ASAN xidmət platformasının ölkədə daha geniş istifadəçi kütləsinə çatdırılmasını təmin etdi.

WhatsApp Image 2025 01 22 at 10.38.31

Vüsal Süleymanov

MPay-də isə mən şirkəti Azərbaycanın maliyyə xidmətləri sektorunda mərkəzi bir oyunçuya çevirmək istiqamətində məqsədyönlü fəaliyyətlər həyata keçirdim. MPay bu gün də xüsusilə kənd yerlərində ödəniş xidmətlərini əlçatan edərək, ölkənin ödəniş infrastrukturu üçün əhəmiyyətli rol oynayan çevik və effektiv ödəniş həlləri təqdim edir.

Hazırda isə Payriff ilə əməkdaşlıq etməkdən qürur duyuram. Payriff Dubay, Pakistan və Azərbaycanda fəaliyyət göstərən genişmiqyaslı onlayn ödəniş həlləri təminatçısıdır. Hazırda Payriff ABŞ-ın qurulmasını planlaşdıran bir sahibkar kimi, öz təcrübəmi ABŞ bazarına qabaqcıl ödəniş həlləri təqdim etmək üçün istifadə etməyə çalışıram.

Bundan əlavə, mən Azərbaycanda elektron ödənişlərin tənzimlənməsi sahəsində əhəmiyyətli fəaliyyətlərin iştirakçısı olmuşam. Elektron ödəniş qanun layihəsinin nəzərdən keçirilməsi işçi qrupunda iştirak edərək, qanunun effektiv tətbiq oluna bilməsi üçün tənzimləmələrin sektorun etibarlılığını və təhlükəsizliyini artırmasını təmin edəcək tövsiyələrin hazırlanmasında iştirak etmişəm.

-Azərbaycanda maliyyə xidmətləri sektoruna töhfə verdiyiniz əsas layihələri vurğulaya bilərsinizmi? Bu yeniliklər ödəniş həllərinin inkişafı və genişlənməsinə necə təsir edib?

Əsas layihələrdən biri eManat-da çalışarkən həyata keçirdiyimiz ödəniş terminalları layihəsi idi. Bu layihədə əsas məqsəd Azərbaycanın ödəniş ekosistemini modernləşdirmək idi. Komandamla birgə qarşılaşdığımız çətinliklərə baxmayaraq, yenilikçi yanaşmalarla problemləri həll etməyi bacardıq. Daha sonra bu modelləri genişləndirərək mobil izləmə, istifadəçi idarəetmə panelləri və avtomatik ödəmə bildirişləri kimi qabaqcıl texnologiyaları tətbiq etdik.

MPay layihəsində isə əldə etdiyimiz bu bilikləri daha da genişləndirdik. MPay, xüsusilə kənd yerlərində maliyyə xidmətlərini daha əlçatan etməklə Azərbaycanın maliyyə sektorunun əsas dayağına çevrildi. Layihələrimiz həm istifadəçilər, həm də müəssisələr üçün ödənişləri sadələşdirərək, şəhər və kənd icmaları arasındakı ödəniş xidmətlərinin əlçatanlığındakı bərabərsizliyi aradan qaldırmağa yönəlmişdir.

-Bu layihənin əhəmiyyəti və təşkilatınıza və müştərilərə necə fayda verdiyi barədə danışa bilərsinizmi?

-eManat-da özünəxidmət ödəniş terminalları layihəsi təkcə şirkət üçün deyil, bütövlükdə ölkə üçün əhəmiyyətli idi. Bu terminallar şəbəkəsini genişləndirməklə, biz maliyyə xidmətlərini kənd yerlərində də əlçatan etdik. Bu, xüsusilə az təminatlı regionlarda maliyyə xidmətlərini daha inklüziv etmək üçün vacib bir addım idi.

Layihənin ikinci mərhələsində qabaqcıl texnologiyaları tətbiq etdik və terminalları yerli icmalara daha yaxın yerləşdirdik. Ən yadda qalan anlardan biri Bakıdan kənarda yerləşən bir kəndə işgüzar səfər zamanı baş verdi. Yaşlı bir kişi mənə yaxınlaşaraq dedi: “Elektrik borcumu ödəmək üçün uzaqdakı ödəmə məntəqəsinə getmək istəmirəm. Mənə kömək edəcək nəvələrim də yoxdur.” Bu söhbət məni çox təsirləndirdi və gördüyümüz işin əhəmiyyətini dərk etməkdə dönüş nöqtəsi oldu. Biz həmin kənddə bir terminal quraşdırdıq və bununla həmin şəxsin və onun kimi insanların xidmətlərə daha asan çıxışını təmin etdik. Belə hekayələr mənə həmişə böyük məmnuniyyət verir və gördüyümüz işlərin icmalara gətirdiyi müsbət dəyişiklikləri xatırladır.

-Elektron ödəniş sistemlərinin tənzimlənməsi sahəsində də mühüm töhfələr verdiyinizi bilirəm. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

-2013-2023-cü illər arasında Azərbaycanın elektron ödəniş qanun layihəsini (Ödəniş Xidmətləri və Ödəniş Sistemləri Haqqında Qanun) nəzərdən keçirən işçi qrupda iştirak etmək imkanı əldə etdim. Bu qanun, ödəniş və elektron pul şirkətləri üçün ciddi lisenziya tələblərini tətbiq edərək, elektron ödəniş sektorunu daha etibarlı etdi.

Mənim rolum təkcə qanun layihəsini nəzərdən keçirməklə məhdudlaşmırdı. Hökumətə bu tənzimləmələrin əməli tətbiqi ilə bağlı tövsiyələr verdim. Biz hüquqi çərçivənin praktiki reallıqlarla uyğunlaşdırılmasına fokuslandıq və bu da təhlükəsiz və səmərəli rəqəmsal maliyyə mühitini təşviq etməyə imkan verdi.

-ASAN ödəniş ilə qarşılaşdığınız çətinliklər və onların həlli yolları haqqında danışa bilərsinizmi?

-ASAN Xidmət, 2012-ci ildə yaradılaraq dövlət xidmətlərinə çıxışı rəqəmsal bir platformada mərkəzləşdirdi. Daha sonra yaradılan ASAN Pay, terminal ekosisteminə inteqrasiya olunmalı idi və bu, maraqlı, lakin çətin bir layihə idi. ASAN Pay ödəniş terminallarımıza tətbiq edilərkən interfeys problemləri və ödənişlərin geri qaytarılması ilə bağlı çətinliklərlə üzləşdik. İnsanlar artıq ödənişlərini geri ala bilmirdilər və bu, istifadəçilər arasında narazılıq yaradırdı.

Bu çətinlikləri aradan qaldırmaq üçün yenilikçi həll yolları tətbiq etdik: artıq ödənişlərin ətraflı qəbz mexanizmini təqdim etdik və şirkətlərə artıq ödənişləri yığma imkanı verdik. Bu yanaşma təkcə əməliyyatların əlverişliliyini aradan qaldırmadı, həm də ASAN Pay-a ictimai inamı artırdı. Bu gün ASAN Pay, ictimai xidmətləri təkmilləşdirmək üçün texnologiyanın necə uğurla tətbiq oluna biləcəyini nümayiş etdirən yüksək etibarlı və səmərəli ödəniş platformasıdır.

ASAN Ödəniş" sistemi əhaliyə daha bir yenilik təqdim edib - AZƏRTAC

-Siz həmçinin AZFINA-nın ekspert qrupunun üzvüsünüz. Bu rol nəyi əhatə edir və digər liderlərlə sektorda necə əməkdaşlıq edirsiniz?

-AZFINA Azərbaycanın Fintek sahəsində ən aparıcı rəqəmsal şirkətlər üçün bir platformadır. Ekspert qrupunun üzvü kimi, həmkarlarımla birlikdə ölkənin maliyyə texnologiyaları mühitini inkişaf etdirmək və innovasiyaları təşviq etmək üçün çalışırıq.

Bu rol sektorda böyümə strategiyalarının hazırlanması, sektorun inkişafı üçün fikir mübadiləsi və əməkdaşlığı təşviq etməyi əhatə edir. Məqsədimiz Azərbaycanı Fintek sahəsindəki innovasiyalarda regional lider kimi möhkəmləndirməkdir.

Hal-hazırda mən AZFINA ilə üç mühüm layihədə iştirak edirəm. Birinci layihə ölkə üçün vahid QR kod standartlarının hazırlanmasını əhatə edir. Bu layihənin məqsədi rəqəmsal ödənişlər üçün standartlaşdırılmış çərçivə yaratmaq, müxtəlif sahələr arasında uyğunluğu, səmərəliliyi və istifadənin rahatlığını təmin etməkdir.

İkinci layihə bu QR standartlarının tətbiqinə və Elektron Müştərini Tanı (E-KYC) sisteminin inkişafına yönəlib. E-KYC təşəbbüsü müştəri yoxlama proseslərini manual və vaxt aparan üsullardan rəqəmsal, təhlükəsiz və səmərəli yanaşmaya keçirməyə çalışır. Bu, istifadəçi təcrübəsini yaxşılaşdırmaq və rəqəmsal maliyyə ekosistemində uyğunluq tələblərini yerinə yetirmək üçün vacibdir.

Üçüncü layihə isə “Açıq Bankçılıq” təşəbbüsü ilə bağlıdır. Bu layihə Azərbaycan Respublikasının Mərkəzi Bankının “Rəqəmsal Ödəniş Strategiyası” fəaliyyət planı çərçivəsində həyata keçirilir. Bu təşəbbüs maliyyə məlumatlarının təhlükəsiz şəkildə bölüşdürülməsi vasitəsilə yeni maliyyə məhsul və xidmətlərinin inkişafını təşviq etməklə bank sektorunda inqilabi həllər yaratmağı hədəfləyir.

Bu layihələrdə mən maraqlı tərəflərin cəlb edilməsi, tənzimləyici, komplayns və texniki inteqrasiya işlərində fəal iştirak edirəm. Bu təşəbbüslərin hər biri ölkənin rəqəmsal transformasiya hədəflərinin, xüsusilə maliyyə və ödəniş sahələrində irəliləməsi üçün həyati əhəmiyyət kəsb edir.

-Regional güc demişkən, Azərbaycan böyük bir tədbirə – COP 29-a ev sahibliyi etdi. Dayanıqlılıq maliyyə sahəsində nə qədər vacibdir?

Bu tip qlobal tədbirlər Fintek və maliyyə xidmətləri də daxil olmaqla, iqtisadiyyatın inkişaf trayektoriyasına əhəmiyyətli təsir göstərir. COP 29-da müzakirələr dayanıqlılıq və müxtəlif sektorlarda yaşıl texnologiyaların inteqrasiyasına yönəlmişdi ki, bu da mənim ödəniş həllərinin gələcəyinə dair vizyonumla üst-üstə düşür.

Mövcud bazar tələblərini ödəməklə yanaşı, ekoloji məsələləri də nəzərə alan sistemlər yaratmağa diqqət yetirməliyik. Enerji effektivliyi yüksək texnologiyaların araşdırılması və tətbiqi ilə bu sistemlərin ətraf mühitə təsirini azaltmaq vacibdir.

COP 29 dayanıqlılığa yönəlməyin artıq seçim deyil, inkişaf üçün zərurət olduğunu bir daha bizə xatırlatdı. Payriff-in yeni bazarlara, o cümlədən ABŞ-a genişlənməsi zamanı bu prinsiplərin mərkəzi strategiyamızın bir hissəsi olacağına əminəm.

-Fintek sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislərə nə məsləhət görərdiniz? Bu dinamik sahədə uğur qazanmaq üçün hansı əsas məqamlara və strateji aspektlərə diqqət yetirməlidirlər?

-Fintek sahəsinə daxil olmaq istəyən gənclərə ilk məsləhətim davamlı öyrənməyi vərdiş halına gətirməkdir. Bu sahə süni intellekt, blokçeyn və kibertəhlükəsizlik kimi yeniliklərlə sürətlə inkişaf edir, buna görə də bilik və adaptasiya qabiliyyəti çox vacibdir. Praktiki təcrübə qazanmaq üçün təcrübə proqramlarında və ya layihələrdə iştirak praktik problemləri anlamağa və vacib problem həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.

Bundan əlavə, texnoloji, maliyyə və strateji sahələrdə güclü əlaqələr qurmağa diqqət yetirsinlər, çünki innovasiyalar çox vaxt əməkdaşlıqdan meydana çıxır. Məqsədyönlü olmaq lazımdır, çünki həm maliyyə imkanlarını artırmaq, həm də davamlılığı təşviq etmək üçün aydın bir vizyona sahib olmaq gənclərin səylərini daha yaxşı səfərbər edəcək. Ən əsası isə, zehni sağlamlığı prioritetə çevirərək balansı qorumağı unutmasınlar.

-Azərbaycanın Fintek sahəsinin gələcəyi nə vəd edir?

-Ölkəmizdə Fintekin gələcəyi həddən artıq ümidvericidir. Əminəm ki, bu sektor iqtisadi artımı təşviq etməyə, iş imkanları yaratmağa və maliyyə xidmətlərinin hər kəs üçün əlçatanlığını artırmağa davam edəcək. Fikrimcə, Azərbaycan üçün vacib olan süni intellekt və blokçeyn kimi qabaqcıl texnologiyaları mənimsəyərək, ölkənin maliyyə ekosisteminin səmərəliliyini, təhlükəsizliyini və şəffaflığını daha da optimallaşdırmaqdır.

Bundan əlavə, dövlət qurumları, özəl müəssisələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq üçün böyük potensial var. Bu cür tərəfdaşlıqları təşviq etməklə, Azərbaycan özünü Fintek innovasiyalarında lider kimi mövqeləndirə və region üçün yeni standartlar müəyyən edə bilər.

Vüsal müəllim, fikirlərinizi və təcrübələrinizi bizimlə paylaşdığınız üçün sizə təşəkkür edirik. İndiyə qədər gördüyünüz innovativ və transformativ işlər sizi Fintek sahəsində yüksək peşəkara çevirib. Maliyyə əlçatanlığını artırmaq və yenilikləri təşviq etmək üçün göstərdiyiniz davamlı səylərlə həm Azərbaycanda, həm də qlobal səviyyədə bu sahənin gələcəyini formalaşdırmağa davam edəcəyinə əminik.

Zaira Akifqızı
Globalinfo.az