SaveClip.App 731158347 18610850767029043 9110416838481602994 n 2

Jurnalist Ləman Ələşrəfqızının dələduzların qurbanı olması və bu prosesdə Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edilməsi ictimaiyyətdə narahatlıq yaradıb. Hadisə göstərir ki, kiberdələduzlar artıq təkcə sıravi vətəndaşları deyil, tanınmış şəxsləri və onların yaxın çevrəsini də hədəf alırlar. Jurnalistlərin hər gün kiberdələduzluqla bağlı xəbərdarlıq etməsinə baxmayaraq, özlərinin də bu cür halların qurbanına çevrilməsi məsələni daha da aktuallaşdırır.

Sadə vətəndaşlar özlərini bu cür hallardan necə qorumalıdırlar? Ən çox etibar edilən şəxslərin adından istifadə edilərək aldadılmalara qarşı ən effektiv müdafiə üsulu nədir?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun fikrincə, burada Ləman Ələşrəfqızı aldandı və ya tanınmış şəxs aldandı kimi yanaşmaq düzgün deyil:

“Çünki bu gün istifadə olunan sosial mühəndislik üsulları o qədər peşəkarlaşıb ki, hər kəs potensial hədəfə çevrilə bilər. Dələduzlar əvvəlcə insan haqqında məlumat toplayır, onun ətrafını, dostlarını, maraq dairəsini öyrənir və sonra ən inandırıcı ssenarini qururlar. Bu gün ən təhlükəli tendensiyalardan biri də süni intellektin bu prosesə qoşulmasıdır. Artıq saxta səs yaratmaq, görüntü hazırlamaq, mesaj üslubunu təqlid etmək əvvəlki illərlə müqayisədə xeyli asanlaşıb. Bu səbəbdən gələcəkdə mən səsi tanıdım və ya şəkli gördüm demək artıq kifayət etməyəcək. Ona görə də hesab edirəm ki, kiberdələduzluğa qarşı ən güclü müdafiə vasitəsi texnologiya deyil, ikili yoxlama prinsipi olamlıdır”.
E.Həsənov deyib ki, əgər kimdənsə tanışının adından pul istənilirsə, hansısa link göndərilirsə və ya təcili qərar verməyi tələb olunursa, həmin şəxslə başqa əlaqə kanalı vasitəsilə əlaqə saxlasın:

qarabag 11

Elvin Həsənov

“Bir zəng etmək və ya başqa nömrədən yazmaq bəzən bütün dələduzluq sxemini ifşa edir. Ümumiyyətlə bilmək lazımdır ki, kiberdələduzlar həmişə tələskənlik yaradırlar. “İndi kömək lazımdır”, “5 dəqiqəyə cavab ver”, “heç kimə demə” kimi ifadələr işlədərək insanın düşünməsinə vaxt vermirlər. Halbuki təhlükəsizlik baxımından ən doğru addım məhz tələsməməkdir”.

İqbal Ağazadə məsələnin polis tərəfindən araşdırıldığını bildirib:

“Hazırda məsələ araşdırılır. Telegram kanalım oğurlanmışdı, artıq bərpa etmişəm. Nəticəni gözləyirəm”.

Ləman Ələşrəfqızı özünün facebook hesabında onu aldadan şəxsin saxlanıldığını yazıb. Bildirib ki, dəlduzluq yolu ilə ondan alınan 600 manat kartına köçürülüb. “Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq”, – L.Ələşrəfqızı deyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: