Globalinfo.az politoloq Əlimusa İbrahimov ilə müsahibəni təqdim edir:
– Əlimusa bəy, Ermənistanla Azərbaycan arasında sülh prosesi davam edir. Belə fikirlər səslənir ki, Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı prosesi də sülh danışıqları çərçivəsində həll edilə bilər. Bu, mümkündür?
– Əlbəttə ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra qarşıda duran mühüm vəzifələrdən biri də Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı məsələdir. Bu məsələ müstəqillik qazandıqdan sonra Azərbaycanın diqqəti mərkəzində olub. Amma işğal altında olan torpaqlar azad edilmədən bu məsələ ətrafında fəal siyasət aparmaq mümkün deyildi. Çünki prioritet məsələmiz Qarabağ və ətraf rayonların işğaldan azad olunması idi. İndi isə Ermənistandan qovulmuş vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılması məsələsi bir nömrəli vəzifəmizə çevrilib və bu istiqamətdə fəaliyyət hər keçən gün daha da inkişaf edir.
Bu gün eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində danışıqlar gedir və heç şübhəsiz Ermənistan öz mənafeyinə xidmət edən sülh müqaviləsinin imzalanmasında çox maraqlıdır. Sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələr Qərbi azərbaycanlıların geri qaytarılması üçün yeni imkanlar yaradır. Bu məsələ heç şübhəsiz sülh müqaviləsi çərçivəsində həll oluna bilər. Və yaxud sülh müqaviləsində və ya müzakirələr prosesində Qərbi azərbaycanlıların qayıdışı məsələsi istiqamətində ilkin razılaşmalar əldə oluna bilər.
Düşünürəm ki, regionda, həm də regiondan kənarda baş verən və davam etməkdə olan proseslər Ermənistanın getdikcə daha çox təklənməsinə səbəb olur. Gələcəyə olan ümidlərin kəsilməsi Ermənistan hökumətini Azərbaycanın bu tələbi qarşısında da geri çəkilməsi ilə nəticələnə bilər. Digər tərəfdən Ermənistanın Qərbi azərbaycanlıların geri qaytarılmasına razılıq verməsi onun beynəlxalq imicinin artması ilə nəticələnə bilər ki, bu da İrəvanın indi ehtiyacı olduğu ən ciddi avantajdır.
– Azərbaycan erməni icması ilə dialoqa başladı reinteqrasiya prosesini elan etdi. Ermənistan Qərbi Azərbaycan icması ilə danışıqlara başlaya bilər?
– Ermənistanın indiki halda Qərbi Azərbaycan icması ilə dialoqa başlaması prosesi barədə danışmaq düşünürəm ki, hələ tezdir. Amma bu gün baş verənlər fonunda yaxın vaxtlarda danışıqların başlayacağı istisna olunmur. Çünki Ermənistan Qərbi Azərbaycan icmasının fəaliyyətini bir neçə il bundan qabaq olduğu qədər qıcıqla qarşılamır. Artıq getdikcə bu məsələdən qaçış yolu olmadığını başa düşməkdədirlər.
Azərbaycanlıların Ermənistana geri qaytarılmasının zəruriliyini qəbul etməyin mümkünlüyü barədə bəyanatlar səslənir. Azərbaycan bu məsələdə öz ciddiyyətini artıq sübut edib və davamlı olaraq fəaliyyətini artırır. Azərbaycanın bu məsələnin arxasında məcburedici addımlarının da dayandığını başa düşən İrəvan gec-tez olumlu cavab verməlidir.
Əlimusa İbrahimov
– Ermənistan Baş naziri Nikol Paşinyan və ümumilikdə Ermənistan sanki Qərbi azərbaycanlıların qayıdışını istəmir. Bunun səbəbi nədir?
– Ermənistanın Baş naziri və Ermənistan əhalisi azərbaycanlıların geri qaytarılmasında maraqlı deyil. Hər iki qüvvənin özünəməxsus səbəbləri var. Paşinyan istəmir ona görə ki, bu qayıdışın onun hakimiyyətdə qalmasına mane ola biləcəyini düşünür. Yəni erməni cəmiyyəti Paşinyanın bu istiqamətdə razılığından onu hakimiyyətdən salmaq üçün istifadə edə bilər. Hakimiyyəti itirmək qorxusu isə Paşinyan üçün bütün təhlükələrdən daha ciddisidir.
Azərbaycan sonda Qərbi azərbaycanlıların qaytarılması istiqamətində gücdən istifadə etmək variantını nəzərdən keçirərsə, Paşinyan ağ bayraq qaldıra bilər. Erməni cəmiyyətinin isə öz səbəbləri var.
Birinci ona görə ki, ermənilər baxmayaraq ki, hər zaman qonşu torpaqlara göz dikib və ya dünyanın istənilən ölkəsində məhdudiyyət olmadan yaşayırlar, onlar torpaqlarını başqa millətlə yarı bölməkdən qorxurlar. Azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə də Ermənistanın bölünməsi kimi baxdıqlarından bu fikri qəbul edə bilmirlər. Onlar düşünürlər ki, Qərbi azərbaycanlılar gələcəkdə Ermənistan torpaqlarının iddiaçıları ola bilər. Digər tərəfdən indiki şəraitdə azərbaycanlıların geri qayıtması orada demoqrafik vəziyyəti kökündən dəyişə bilər.
– Qərbi Azərbaycana qayıdış mövzusu sanki həm də dəstək tələb edən mövzudur. Bu məsələdə xüsusilə Mərkəzi Asiya ölkələrindən dəstək almaq olar?
– Əlbəttə ki, bu məsələdə bütün dünyanın, aparıcı dövlətlərdən tutmuş adı xəritədə güclə seçilən dövlətlərin dəstəyinə ehtiyacımız var. Hazırda bu məsələdə lazım olan dəstəyi ala bilmirik. Hətta öz yaxın müttəfiqlərimizdən belə. Səbəb isə bu məsələnin qısa müddətdə hələ özümüzdə ümumxalq məsələsinə çevirə bilməməyimizdir.
Biz Qarabağda Ermənistan üzərində olduqca böyük qələbə qazandıq. Çünki torpaqlarımızın işğal altında olmasını 30 il ərzində ümumxalq probleminə çevirməyi bacarmışdıq. Düşünürəm ki, zaman keçdikcə və bu istiqamətdə atdığımız addımlar daha da gücləndikcə bu məsələdə irəliləyiş olacaq. Amma zamanın bu dəfə daha az olduğunu nəzərdən qaçırmamalı və bu məsələnin təkcə Qərbi Azərbaycan icmasının öhdəsinə buraxmamalıyıq. Xalq birlikdə mübarizə aparmalıdır ki, digər dövlətlər də bizim üçün bu məsələnin nə qədər həssas olduğunu başa düşüb bizim mübarizəmizə dəstək versin.
– Əlimusa bəy, Ermənistan Qərbi azərbaycanlıların qayıdış məsələsində müqavimət göstərərsə, rəsmi Bakı hansı addımları ata bilər?
– Əlbəttə bu yerdə beynəlxalq münasibətlərdə və ümumi leksikonda tez-tez işlədilən bir deyimi xatırlatmaq istərdim “heç vaxt, heç vaxt demə”. Azərbaycanın Ermənistanın davranışından asılı olaraq gələcəkdə istənilən addımı atacağı yaddan çıxarılmamalıdır.
Bakı bu münaqişənin də həllində kritik addımlar atmaqdan çəkinməyəcək. Bu təkcə Azərbaycanın güc tətbiq etmək istəməsi ilə bağlı deyil. Bu, ermənilərin gücdən başqa dil anlamadıqları ilə birbaşa bağlıdır.
Məqalə “Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Turan Rzayev
Globalinfo.az