Xəbər verdiyimiz kimi, Azərbaycan və BMT arasında bu ilin iyun ayına qədər 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi üzərində işlərin tamamlanacağı gözlənilir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə keçirilən “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirmişdi ki, sözügedən sənəd sentiyabr ayında imzalanacaq.
Onun sözlərinə görə, yeni Çərçivə Sənədində müəyyən olunan istiqamətlər “Azərbaycan 2030” gündəliyinin prioritetlərinə, “Böyük Qayıdış” proqramına və COP29-a ev sahibliyi çərçivəsində əməkdaşlıq təşəbbüslərinə əsaslanır.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycanın gücü və nüfuzu son illərdə yalnız bölgədə yox qlobal anlamda da sürətlə artmaqdadır:
“Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olarkən qlobal lider kimi dünya əhəmiyyətli məsələlərə öz mövqeyini bildirməsi, bir çox hallarda onunla hesablaşılması dediklərimizə bariz nümunədir. BMT-nin üzvü kimi uzun illərdir bu beynəlxalq təşkilatla əməkdaşlıq edirik. Kifayət qədər də birgə, uğurlu fəaliyyət göstərmişik.
Vüqar İskəndərov
Azərbaycan BMT-nin tamhüquqlu ölkəsi kimi zaman-zaman bu təşkilatda ölkəmizin lehinə məqamların yer aldığını görmüşük. 28 il ərzində qəbul etdikləri 4 qətnamənin icra olunmaması təəssüfləndirici haldır. Lakin Azərbaycan öz gücü, uğurlu siyasəti, ölkə başçısının qətiyyəti və xalqının birliyinin ilə bu işin öhdəsindən gəldi. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu həm də BMT-yə bir hörmət əlamətidir ki, həmin qətnamələr icra olundu. Bunun fonunda post-müharibə dövründə kifayət qədər nümunəvi əməkdaşlıq formatının şahidi oluruq. Sevindirici haldır. BMT və Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi üzərində işlər tamamlanması istiqamətində səsləndirilər fikirlər, eləcə də Çərçivə Sənədində müəyyən olunan istiqamətlər, “Azərbaycan 2030” gündəliyinin prioritetlərinə, “Böyük Qayıdış” proqramına və COP29-a ev sahibliyi çərçivəsində əməkdaşlıq təşəbbüslərinə əsaslanması diqqətəlayiqdir.
BMT-nin ölkəmizə diqqəti Vətən müharibəsindəki qələbəmizdən sonra daha aşkar formada üzə çıxdı. Bu əlaqələr davamlı olacaq. Çünki ölkəmizin post-münaqişə dövründə qarşısında duran əsas məsələlərdən biri də “Böyük Qayıdış” proqramını icra etməkdir. 30 ilə yaxın öz ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız tarixi torpaqlarına, evlərinə geri dönəcəklər. Azərbaycan bu layihəni uğurla icra edir. mərhələli şəkildə vətəndaşlarımız öz doğma torpaqlarına geri qayıdırlar”.
Deputatın sözlərinə görə, BMT-nin Azərbaycanı sözügedən istiqamətlərdə dəstəkləməsi sevindirici haldır:
“COP29 sammitində BMT-nin baş katibinin Azərbaycanın bu sammitə ev sahibliyi etməsindən, son illərdəki inkişafından da söz açmışdı. Təbii olaraq bu birlik, 2030-cu ildən sonra da uğurla davam edəcək. Çünki BMT sürətlə inkişaf edən dövlətlərin gələcək prioritetlərində uğurlu siyasətlərinə dəstək verməkdə maraqlıdır”.
Politoloq Yusif Bağırzadə isə məsələyə belə münasibət bildirib:
Yusif Bağırzadə
“Yeni Çərçivə sənədinin hazırlanması istiqamətində işlər bir ildən artıqdır ki, davam edir. Hələ keçən ilin yanvar ayında BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa 2026-2030-cu illərə dair Çərçivə Sənədi “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində çərçivə sənədinin istiqamətləri üzrə məlumat verilmişdi. Bildirilmişdi ki, Çərçivə sənədi özündə COP29 çərçivəsində elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsini, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələrinin dəstəklənməsini, mina təhlükəsizliyinin gücləndirilməsini, iqtisadi diversifikasiyanın təşviqi, ixracın artırılması və innovasiya təşəbbüslərinin genişləndirilməsini, eləcə də dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsini ehtiva edəcək.
Şübhə yoxdur ki, müvafiq sənədin imzalanması BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığın inkişafına təkan verəcək. Təqdim olunan istiqamətdə əməkdaşlıq bu gün tam olaraq Azərbaycanın maraqlarına cavab verir. Belə ki, istər “Böyük Qayıdış” proqramı ilə qarşıya qoyulan vəzifələrin icrası, istərsə də COP29-a ev sahibliyi çərçivəsində elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi bizim üçün prioritet sahələrdən biridir və bu istiqamətdə BMT kimi bir qurumun ölkəmizə verə biləcəyi dəstək bizim üçün olduqca əhəmiyyətlidir.
Bunu artıq yekunlaşmaq üzrə olan 2021-2025-ci illəri əhatə edən çərçivə sənədi və həmin sənəddə nəzərdə tutulan fəaliyyətlə bağlı görülən işlər də sübut edir. Məlumdur ki, 2021-2025 –ci illər üzrə sənəddə inklüziv inkişaf, ətraf mühitin mühafizəsi, gender bərabərliyi və s. sahələr üzrə əməkdaşlıq nəzərdə tutulmuşdu. Keçən dövr ərzində bu istiqamətdə BMT ilə birgə artıq 142 milyon ABŞ dolları dəyərində layihələr həyata keçirilib.
O baxımdan şübhə yoxdur ki, yeni Çərçivə sənədində qarşıya qoyulmuş prioritetlər üzrə əməkdaşlıq da ölkəmiz üçün səmərəli olacaq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Safura Bənnayeva
Globalinfo.az