Baki ozel 1 scaled

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi, qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və regional təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar ölkənin geosiyasi əhəmiyyətini daha da artırır.

Bəs Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dünya birliyinə inteqrasiya istiqamətində hansı nəticələr əldə edib, qarşıda hansı perspektivlər dayanır?

Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası milli-dövlət maraqlarının qorunması, regional və qlobal əməkdaşlığın gücləndirilməsi üzərində qurulub:

“Azərbaycan Respublikası müstəqillik dövründə istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub.

Həmçinin Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması və özünün mühüm iştirakçı kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirir. Bütün bu proseslər cənab Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir. Prezidentin uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə mövqelərini ildən-ilə daha da gücləndirir və bundan sonra da gücləndirəcək.

musfiq ceferov 9 900x614 1

Müşfiq Cəfərov

Region ölkələri üçün də Azərbaycan ən uğurlu tərəfdaşdır. Regionun bütün parametrlərdə ən güclü ölkəsi olan Azərbaycanın qonşu ölkələrə münasibətdə apardığı siyasət bu gün də davam etdirilir. Bölgədə söz sahibi olan Azərbaycanın region ölkələri üçün təklif etdiyi beynəlxalq layihələr onların hər biri üçün ciddi maliyyə dayaqları deməkdir. Yəni həm dünya, həm də region ölkələri yaxşı başa düşür ki, Azərbaycanın iştirakı olmadan isə heç bir beynəlxalq layihənin isə icrası mümkün deyil”.

Politoloq Zeynal Əmrəliyev isə deyib ki, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi ölkənin milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, böyük dövlətlər arasında artan rəqabət və regional təhlükəsizlik məsələləri Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət yürütməsini zəruri edir. Bu baxımdan ölkəmizin əsas məqsədi dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması, siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, eləcə də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin daha da gücləndirilməsidir.

Azərbaycan xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, daxili işlərə qarışmamaq və beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması məsələlərinə xüsusi önəm verir. Ölkəmiz müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda da fəal iştirak edir. Bu əməkdaşlıq Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə ifadə olunmasına, milli maraqlarına uyğun təşəbbüslərin irəli sürülməsinə və qlobal məsələlərin həllində iştirak imkanlarının genişlənməsinə şərait yaradır.

zeynal emreliyev 1

Region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi də Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional əməkdaşlığın gücləndirilməsi ölkəmizin strateji maraqlarına uyğundur. Azərbaycan öz coğrafi mövqeyindən səmərəli istifadə edərək Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirir. Bu istiqamətdə həyata keçirilən layihələr təkcə ölkəmizin iqtisadi imkanlarını artırmır, həm də region dövlətləri arasında qarşılıqlı asılılığı və əməkdaşlıq potensialını genişləndirir.

Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərdə ikili standartların tətbiqinə və dövlətlərin suveren hüquqlarına selektiv yanaşmalara qarşı çıxaraq beynəlxalq hüququn bütün ölkələrə bərabər şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayır. Ölkəmizin mövqeyinə görə, beynəlxalq təşkilatların fəaliyyəti ayrı-ayrı dövlətlərin siyasi maraqlarına deyil, qəbul edilmiş beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın milli maraqlarının qorunması baxımından beynəlxalq platformalarda prinsipial mövqenin nümayiş etdirilməsi, xarici təzyiqlər qarşısında müstəqil qərarvermə imkanlarının saxlanılması və strateji tərəfdaşlıqların şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması yalnız siyasi və diplomatik fəaliyyətlə məhdudlaşmır. İqtisadi əlaqələrin dərinləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyinə töhfə verilməsi, humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi də Azərbaycanın dünya birliyinə inteqrasiyasının mühüm tərkib hissələridir. Xüsusilə enerji, nəqliyyat, rəqəmsal inkişaf və yaşıl enerji sahələrində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığına və geosiyasi əhəmiyyətinə müsbət təsir göstərir”.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası region ölkələri və digər dövlətlərlə beynəlxaq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Turan Rzayev
Globalinfo.az

media yeni loqo

Paylaş: