suqut

Bu gün Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən 106 il ötür. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdi və ölkə uzun illər Sovet hakimiyyəti altında yaşadı. Tarixçilər bu hadisəni Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Bəzi mütəxəssislər hesab edir ki, bu işğal olmasaydı, Azərbaycan müstəqil dövlət kimi regionda daha fərqli siyasi və iqtisadi yol seçə bilərdi. Digər yanaşmaya görə isə Sovet dövründə sənayeləşmə, təhsil və urbanizasiya sahələrində əldə olunan irəliləyişlər ölkənin inkişafına müəyyən təsir göstərib.

Eyni zamanda, alternativ ssenarilər də müzakirə olunur. Bəzi iddialara görə, Azərbaycan Sovet Rusiyasının deyil, İranın təsir dairəsində qalsaydı, ölkə daha mürəkkəb və hətta daha ağır sosial-siyasi şəraitlə üzləşə bilərdi. Bu baxışlar isə tarixçilər və analitiklər arasında mübahisə mövzusu olaraq qalır.

Bəs əgər işğal baş verməsəydi, Azərbaycan müstəqil dövlət kimi nə qədər yaşaya bilərdi? Sovet hakimiyyəti altında qalmaq doğrudanmı müəyyən inkişafla nəticələndi? Əgər Azərbaycan Rusiyanın deyil, İranın təsir dairəsində qalsaydı, bu gün vəziyyət necə olardı?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, bu tarix Azərbaycan xalqının ən ağrılı faciələrindən biridir:

“Sovet işğalı Azərbaycana çox sayda sağalmaz yaralar vurdu. Azərbaycan Xalq Cümhuriyyəti o dövrdə dünya siyasi xəritəsində mövcud olan ən mütərəqqi dövlət idi. İnsan hüquqlarına hörmət, demokratik idarəetmə ən yüksək səviyyədə idi. Əgər AXC 11-ci Qırmızı Ordu tərəfindən süquta uğradılmasaydı, yaşama şansı çox böyük idi. Məsələn, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınmışdı. Bu, dünya birliyinə inteqrasiyanın ilk rəsmi qapısı idi. Artıq bundan sonra Azərbaycanın Millətlər Cəmiyyətinin tam hüquqlu üzvü olması üçün zəmin yaranmışdı. Gənc olmasına baxmayaraq aparılan düzgün xarici siyasət nəticəsində çox güclü əlaqələr qurulmuşdu və Azərbaycan sürətlə dünya birliyinin bir üzvü olurdu. Parelelm olaraq, Cümhuriyyət hökuməti Sovet Rusiyası ilə qarşılıqlı əlaqələrin inkişafında da maraqlı idi.

Sovet hökumətinin ən böyük rəqibi olan Denikinə qarşı birgə mübarizədə AXC-yə bərabər hərəkət etmək təklifi də milli hökumətimiz tərəfindən rədd edildi. Çünki bu, Rusiyanın daxili işi idi və Cümhuriyyət hökuməti çox haqlı olaraq başqa dövlətin daxili işlərinə qarışmırdı. Eyni zamanda AXC enerji siyasətindən də səmərəli şəkildə istifadə edirdi. Nəzərə alaq ki, o dövrdə Azərbaycan nefti dünyada ən mühüm enerji resusu idi. Təəsüf ki, qlobal şirkətlərlə neft müqaviləsi bağlamaq üçün zaman yetmədi. Əgər müstəqil Azərbaycan bu sərvəti öz iqtisadiyyatını qurmağa və müasir ordu formalaşdırmağa yönəldə bilsəydi, regionun “İsveçrəsi”nə çevrilmə potensialına malik idi. Amma Sovet işğalı buna imkan vermədi”.

zeynal serh
Zeynal Əmrəliyev

Politoloq bildirib ki, o illərdə ölkədə milli kadr bazası da sürətli şəkildə inkişaf etdirilirdi:

AXC-nin xaricə göndərdiyi tələbələr və mövcud ziyalı təbəqəsi müstəqil dövlətin kadr bazasını təmin edəcəkdi. İşğal bu təbii inkişaf prosesini qırdı və milli elitamızın böyük hissəsini məhv etdi. Xaricdə təhsil alanların və əvvəldən ali təhsil almış şəxslərin bir çoxu repressiyaya məruz qalaraq öldürüldü, sürgün edildi, ziyalılar bir sinif kimi məhv edildi. Bu Azərbaycan üçün əvəzedilməz bir xəyanət idi. Təkcə 1937-ci ildə baş verən repressiya Azərbaycan xalqının genefondunu məhv etdi, milli ruha sağalmaz yara vurdu. Sovet hakimiyyəti erməni probleminin də yaranmasına səbəb oldu. İşğaldan sonra Azərbaycanın bir çox tarixi əraziləri (məsələn, Zəngəzur) qonşu respublikalara verildi, bu da gələcəkdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının təməlini qoydu.

1990-cı illərdə başlayan Qarabağ münaqişəsi məhz sovet hökumətinin Cənubi Qafqazda basdırdığı “mina” idi. O dövrdə İranın Azərbaycana təsirini müdafiə müdafiə etmək isə ikiqat xəyanətdir. İran vahid millət siyasəti apardığı üçün Azərbaycanın hətta muxtar respublika şəklində belə saxlanmasına imkan verməyəcəkdi. SSRİ dövründə formal da olsa, Azərbaycanın muxtar respublika statusu var idi. Eyni zamanda istər həmən dövrdə, istərsə də ondan sonrakı dövrdə İranda davam edən paniranizm və mühafizəkar siyasət ümumiyyətlə Azərbaycan xalqının mədəni inkişafına çox mənfi təsir göstərəcəkdi. Yəni, həmin dövrdə İranın təsirinə düşmək ikiqat zərbə olardı. Ancaq Rusiya işğalı da Azərbaycana çoxsaylı bəlalar gətirdi.

Cümhuriyyət rəhbərlərinin o dövrdə qəbul etdiyi yol çox düzgün idi. Əgər işğal olmasaydı, Azərbaycan Avropanın qabaqcıl ölkələri kimi sürətli inkişaf edəcəkdi. Bolşevik işğalı tək Azərbaycanda deyil, bütün regionun inkişafını bir əsr geriyə saldı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: