Ukraynaya göndərilən humanitar yardım təhvil verildi – VİDEO

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyinin Ukrayna üçün aldığı 7,6 milyon dollar dəyərində elektrik avadanlıqlarının birinci hissəsini daşıyan 14 yük avtomobilindən ibarət karvan bu gün Ukraynaya çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşım edib.

“Azərbaycanın Ukraynadakı səfirliyi humanitar yardımı Ukrayna hakimiyyətinə təhvil verib”, – o deyib.

***10:59

Azərbaycandan Ukraynaya 14 yük maşınından ibarət növbəti humanitar yardım çatdırılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, artıq Ukraynada qəbul olunan humanitar yardım rəsmi Kiyevin sorğusuna əsasən Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyul 2023-cü il tarixində Ukraynanın zərər çəkmiş ərazilərində davamlı enerji təchizatının bərpasına dəstək məqsədilə 7.6 milyon ABŞ dolları məbləğində yardım ayrılması barədə imzaladığı sərəncam çərçivəsində baş tutur.

Növbəti yardıma uzunluğu 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. Azərbaycan Ukraynaya bundan əvvəl də yüksək həcmli generator və transformatorlardan ibarət humanitar yardım göndərib.

Qəbul etmə mərasimində Ukrayna Energetika Nazirliyinin rəsmisi Petro Lutsiv əvəzsiz köməyə görə Azərbaycana minnətdarlığını bildirib:

“Bu gün biz dost Azərbaycandan yenidən kabel məhsulları aldıq. Bu Ukraynaya düşmən təcavüzü nəticəsində dağılmış infrastrukturun təmiri üçün 600 km-dən çox məftil və kabeldir. Biz Azərbaycandan olan həmkarlarımıza və bütün Azərbaycan xalqına Ukrayna ərazisində düşmən təcavüzünə qalib gəlmək üçün mübarizəmizdə göstərdikləri əvəzsiz köməyə görə son dərəcə minnətdarıq. Bizim üçün belə çətin bir zamanda olan dəstəyi həqiqətən yüksək qiymətləndiririk”.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev isə qeyd edib ki, humanitar yardımın növbəti hissəsinin mərhələlər ilə çatdırılması planlaşdırılır.

Azərbaycanın bundan əvvəl də Ukraynayaya transformatorlardan və digər humanitar yüklərdən ibarət yardımını xatırladan səfirlik nümayəndəsi həmçinin bildirib ki, Azərbaycanın Ukraynaya müharibə dövründə humanitar yardımının ümumi dəyəri 33 milyon ABŞ dollarından çox dəyərləndirilir.