Azərbaycanda yası düşən ağlaya bilmir, toyu olan sevinə – ŞOK səbəb

Yas yerlərində ehsan süfrələrinin yığışdırılması təklif edilir. Bəzi rayonlarda buna daha öncədən də əməl olunur. Bakı daxil, əksər şəhər və rayonlarda isə yeyib-içmək mərasimi davam edir.

Toylardan isə danışmağın mənası yoxdur. İnsanlar övladına toy edir, o qədər yüklənirlər ki, az qalsın stressdən ölsünlər. Azərbaycan cəmiyyətinin psixoportretini çəkən olsa, əcaib mənzərə ilə rastlaşardıq.

Bu ənənəyə niyə son qoyulmur?

Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Üzeyir Şəfiyev deyib ki, toy və yas mərasimləri ilə bağlı paralel iki iş aparılmalıdır. Onun sözlərinə görə, bunlardan biri ictimai qınaq, digəri isə məsələnin hüquqi müstəvidə həll olunmasıdır:

“Bunun müxtəlif yolları var. Məsələn, tanınmış imzaya sahib olanlar, görkəmli şəxslər, məşhurlar, məmur təbəqəsi maksimum çalışıb toy və yas mərasimlərini sadə şəkildə, təntənəsiz qeyd etməlidirlər. Peyğəmbər (s.ə.s) deyir ki, uğurlarınızı, özəl günlərinizi hay-küysüz, sakit şəkildə qeyd edin. Tanınmış şəxslər çalışmalıdırlar ki, orta və aşağı təbəqələrə pis örnək olmasınlar. Onlar mütləq həyatı sadələşdirməlidirlər. Özəlliklə də Azərbaycan cəmiyyətində geniş yer alan şou biznes adamları dediklərimə riayət etməlidirlər. Təəssüf ki, cəmiyyətdə qonşudan geri qalmamaq vərdişi, tendensiyası var. “Filan kəs toyunda, yasında bunu edibsə, mən də etməliyəm” deyib, borc və kredit götürənlər də az deyil. Bir sözlə, o nə deyər, bu nə deyər düşünüb “yarış”a girirlər. Bunların olmaması üçün də, yuxarıda sadaladığım şəxslər yaxşı mənada örnək olmağa çalışmalıdırlar”.

Üzeyir Şəfiyev

Sosioloq deyib ki, əgər imkanlı şəxslər belə bir addım atsalar, heç şübhəsiz orta və aşağı təbəqənin insanları da çalışıb onların tərzlərində davranmış olacaqlar:

“Maarifləndirmə işləri aparılmalı, video-çarxlar paylaşılmalıdır. Bəzən elə olur ki, toy edirlər, iki ay keçməmiş boşanırlar. Baxırsan ki, ailə görüntü, dəbdəbə xatirinə qurulub. Bu, həm də həmin insanların natamamlığından irəli gələn məsələdir. Etiraf edək ki, məmur və millət vəkilləri arasında yaxşı örnək olanlar da var. Lakin bu, kütləvi şəkildə olmalıdır, 3-5 nəfərlə düzələn deyil”.

Ü.Şəfiyev deyib ki, toyda olduğu kimi, yas mərasimlərində hüzr sahibi bilmir ölüsünü ağlasın, qonaqları yeməklə təmin etməyin qayğısına qalsın:

“Toy və yaslarda şadlıq sarayları, mərasim evlərinin sahibləri, müğənnilər və sair qazanc əldə etmiş olurlar. Bir sözlə, toy və yas sahibindən başqa hər kəs qazanc əldə edir. Əvvəl toy və yaslarda daha çox gələn qonaqlar dəstək olardı. Toylarda ev əşyaları, qızıl-zinət və müxtəlif hədiyyələrlə, yaslarda isə daha çox ərzaq məhsulları ilə yardımı olunardı. İndi bunların heç birinə rast gəlmək mümkün deyil. Bu yarışın axırı yoxdur! Maraqlı da odur ki, hamımız tənqid edirik, amma bu prosesin iştirakçısına çevrilirik. Bunlara son verilməlidir! Mərasim zallarında israfçılığa yol verməkdənsə o pulu, ehtiyaclı ailələrə, uşaq və qocalar evlərinə vermək daha savabdır. Ağıllı və səmərəli davranmaq lazımdır. Belə ənənə yaratmağa ehtiyac var”.

Zaira Akifqızı
Globalinfo.az