Azərbaycanda qorxunc 2018-ci il ssenarisi gündəmdə – Hədəfdəki 4 şəhər…

Xəbər verdiyimiz kimi, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib. DTX-də aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin B. Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

Maraqlıdır Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsd hazırlayan şəxs təlimatı hansı ölkədə alıb? “Krokus Siti Holl”da baş verən terror teraktı ilə bu sui-qəsd cəhdi arasında əlaqə var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, DTX mühüm bir təxribatın qarşısını alıb:

“Qeyd edim ki, bu, ilk belə hadisə deyil. Azərbaycana qarşı bənzər motivli təxribatlar ardıcıl həyata keçirilir.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına da sui-qəsd edildiyinin şahidi olduq. Bundan başqa, İsmayıllı və Qubada yerli icra hakimiyyəti orqanlarını hədəf alan bənzər və ya bir qədər fərqli təxribatlar da yaşanmışdı. Sevindirici haldır ki, həmin cəhdlərin qarşısı da vaxtında yüksək peşəkarlıqla alındı.

Göründüyü kimi, üslub eynidir, lakin əsas hədəf şəxslər deyil, dövlətdir. Lənkəran, İsmayıllı, Gəncə və Qubada təxribatların törədilməsi, ya da buna cəhd edilməsi təsadüfi deyil. Hadisə araşdırıldıqda daha fərqli motivlərin, məqsədlərin olduğu aşkar ediləcək.

Təxribatın sifarişçisi ilə bağlı onu deyə bilərəm ki, əslində, bu da bəllidir. Ölkəmizə qarşı adətən belə təxribatlar ikinci dövlətin sifarişi ilə üçüncü ölkə, ya da onlara bağlı proksi qüvvələr tərəfindən edilir. Hesab edirəm, söhbətin hansı ölkədən getdiyi hər kəsə bəllidir”.

Deputat Arzu Nağıyev isə deyib ki, DTX-nin keçirdiyi əməliyyatlar tam şəkildə təhlil olunmuş, leqallaşması labüd görülən məlumatlar əsasında baş tutur:

“Terrorla bağlı əldə edilən məlumatlar əsasında mövcud əməliyyat gerçəkləşib. Konkret şəxs müəyyənləşdirilib və onun adı ictimaiyyətə təqdim edilib. Hazırda istintaq gedir.

Saxlanılan şəxsin ölkə xaricində xüsusi hazırlıq keçməsinə dair informasiya var. Dövlət məmuruna, habelə xarici ölkə vətəndaşına qarşı sui-qəsd planı ifşa edilib.

Hesab edirəm, həmin şəxsin radikal dini qurumlarla əlaqəsi var. Bu dəsti-xəttə görə belə şəxslər xarici ölkələrdə təhsil alır, xüsusi hazırlıq keçir. Mən DTX-nin keçirdiyi əməliyyatı təqdirəlayiq hesab edirəm. Vaxtında və doğru atılmış addımdır. Bu bir daha ondan xəbər verir ki, DTX bütün vəziyyətlərə hazırdır və operativ fəaliyyət göstərir”.

Turan Rzayev
Globalinfo.az