Azərbaycanda ölümün yaşı niyə “gəncləşib”? – “Bu xəstəlik sürətlə yayılır”

Son zaman artan xəstəliklərdən biri də insultdur. İllər öncə insultu keçirənlər yaşlı təbəqə idisə, bu gün artıq gənclərimiz də bu bəladan əziyyət çəkir, əksər hallarda vəfat edirlər. İnsanlar bunu daha çox koronavirusla əlaqələndirirlər.

Günümüzün bəlsına çevirilən insultun səbəbi nədir?

Mövzunu Globalinfo.az -a şərh edən professor, tibbi ekspert Adil Qeybulla deyib ki, insultlu xəstələrin sayının artması çoxsaylı səbəblərə bağlıdır.

Onun sözlərinə görə, doğrudan da trombotik xəstəliklərin artmasının bir səbəbi də koronavirusla əlaqəlidir:

“Ürək-damar xəstəliklərinin, infarktların, insultların dinamikasında da artım koronavirusla bağlıdır. İnsult keçirilmiş xəstəlik zamanı damarlarda olan dəyişikliklərlə əlaqədardır. Hətta bu, dünyanın aparıcı mərkəzləri tərəfindən də sübuta yetirilib. Amma bununla yanaşı bir şey də var ki, orqanizmin düzgün çalışması üçün onun normal qidalanması, qəbul edilən kolori ilə sərf olunan kolori arasında balansın yaranması çox mühüm şərtdir. Yəni insanlar həddən artıq qida qəbul edirlər, lakin az hərəkətdə olurlar. Bu isə qidanın bir hissəsinin depolaşmasında, o cümlədən zədələnmiş damar divarlarında çökməsinə gətirib çıxarır. Nəticədə isə damar divarları daralır və trombotik ağırlaşmalara, şəkərli diabetə, mübadilə pozuntularına gətirib çıxarır. Müqayisə aparsaq, sadaladığım xəstəliklərin də xüsusi çəkisi artmaqdadır. Təbii ki, bunların hamısı son nəticədə ürək-damar xəstəliklərinə gətirib çıxarır ki, onlardan biri də insultdur. Yəni beyinin işemik xəstəlikləri”.


Adil Qeybulla

Adil Qeybulla insultun baş verməsini insanların gündəlik həyat tərzilə də əlaqələndirib:

“Bu gün həm qadınlar, həm də kişilər arasında istər ənənəvi, istər elektron siqaret çəkənlərin, spirtli içki qəbul edənlərin, restoranlarda vaxt keçirənlərin sayı sürətlə artır. Bunların da hamısı insanlarda əlavə çəkinin yaranmasına gətirib çıxarır. Əlavə çəki həm də damarlarda xolosterinin çökməsi, damarların daralması, son nəticədə də ürək-damar xəstəliklərinin artması deməkdir. Düzdür, koronavirusun da burada rolu var, amma hər şeyi də onun üzərinə atmaq olmaz. Öz həyat tərzimizin də özəl yeri var”.

Zaira Akifqızı
Globalinfo.az