Azərbaycanda bu şəxslər qızılcaya qarşı peyvənd ediləcək

11-40 yaşlı əhali arasında qızılcaya qarşı vaksinasiya tədbirlərinin aparılması üçün işlər görülür.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində immunizasiya tədbirlərinin aparılması üçün hazırda müvafiq təlimatın hazırlanması həyata keçirilir.

Eyni zamanda idxal olunan peyvəndlərin təhvil-təslimi yekunlaşdıqdan sonra tibb müəssisələrində qeyd olunan əhali kateqoriyasından olan şəxslərin qızılcaya qarşı peyvəndlənmə prosesinə başlanılacaq.

Peyvəndlənmə prosesinin aparılma qaydaları və prosesin təşkil olunacağı ambulator-poliklinik xidmət göstərən tibb müəssisələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, 11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir və peyvəndləmə prosesi könüllülük əsasında aparılacaq.