“Azərbaycanda bu döyüş sənətinə maraq böyükdür” – FOTO

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının dəstəyilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Açıq Bakı Turniri keçirilib.

Globalinfo.az bildirir ki, yarışın açılışında Ulu öndərin xatirəsinin yad edilməsi və Azərbaycan himninin səsləndirilməsinin ardınca Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov qonaqları salamlayaraq turniri açıq elan edib. O, çıxışında ümummilli lider Heydər Əliyevin idmana xüsusi qayğısından, müasir idmanın formalaşmasında əhəmiyyətli rolundan danışıb, onun xatirəsinə həsr olunan silsilə tədbirlərin adət üzrə qarşıdan gələn “Heydər Əliyev ili”ndə də keçiriləcəyini bildirib.

Daha sonra Braziliya Federativ Respublikasının Azərbaycandakı səfirinin müşaviri Aleşandre Azevedo Silveira öz çıxışında ölkəmizdə Braziliya döyüş sənətinin bu növünə olan diqqətdən və Azərbaycanla Braziliya arasında idman sahəsində əməkdaşlığın, mədəni və işgüzar əlaqələrin davamlılığından məmnun olduğunu vurğulayıb.

Çıxışlardan sonra Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun təltif olunduğu Fəxri fərmanı müşavirə təqdim edib.

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında yarışlarda respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qruplarından və çəki dərəcələrindən olmaqla 200-ə yaxın idmançı iştirak edib. Sonda qaliblər medal və mükafatlarla təltif olunub.