Azərbaycanda turizm sektorunun inkişafı turistlərin sayından əlavə, onların ölkədə nə qədər vəsait xərcləməsi ilə də ölçülür. Turistin hotel, restoran, nəqliyyat, alış-veriş və əyləncəyə ayırdığı vəsait ölkə iqtisadiyyatının müxtəlif sahələrinə təsir göstərir.
Azərbaycana gələn turistin xərclədiyi vəsaitin əsas hissəsi hansı istiqamətlərə gedir?
Globalinfo.az xəbər verir ki, Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən turizm eksperti Ceyhun Aşurov dünyada turistlərin sayı və turizmdən əldə olunan gəlirlərin turizmin inkişafını göstərən əsas göstəricilərdən biri olduğunu deyib.
Onun sözlərinə görə, bu mənada hər bir ölkə çalışır ki, turist başına düşən xərcləri əlavə xidmətlər göstərməklə artıra bilsin:
“Azərbaycanda olan statistikaya görə, ilin ilk 6 ayında turistlərin sayında təxminən 10 faizdən bir qədər çox azalma olub, onların xərclərində isə 20 faizdən çox azalma qeydə alınıb. Azərbaycanda turistlərin turpaketlərində nəqliyyat xərcləri daha böyük paya sahibdir. Faktiki olaraq, bu göstərici 40 faizdən çoxdur. Halbuki normalda 30 faizdən aşağı olmalıdır. Bu da onu göstərir ki, ölkəmizə gələn turistlərin xərclərində əsas hissə, demək olar ki, yarıya qədəri nəqliyyat xərclərinin üzərinə düşür. Əlbəttə ki, yaxşı olardı ki, ölkəyə gəlmək istiqamətində müəyyən cəlbedici addımlar atılsın və daha çox turistin Azərbaycana gəlməsi təmin olunsun. Çünki bu amil turistlərin müəyyən ölkəyə, yaxud turizm destinasiyasına getmək qərarına birbaşa təsir göstərir”.
Ekspert qeyd edib ki, bu mənada turistlər ölkəyə gəldikdən sonra əlavə xərclərini qidalanmaya, qalmağa, müxtəlif əyləncə və istirahət xidmətlərinə yönəldirlər:
“Bu da turizmdən əldə olunan gəlirlərin daha çox sahə üzrə bölüşdürülməsinə və paylanmasına səbəb olur. Ümumiyyətlə, hər bir turizm ölkəsi çalışır ki, gələn turistlərə onların daha çox xərcləməsinə imkan verən müxtəlif çeşidli xidmətlər təqdim etsin. Beləliklə, turist ölkədə daha çox pul xərcləsin və nəticədə ölkə iqtisadiyyatında daha çox əlavə dəyər yaratsın”.