ABŞ Prezidenti Donald Trampın təyyarəsinin Ankaradan qayıdarkən İran tərəfindən vurula biləcəyi ilə bağlı xəbərlər beynəlxalq aləmdə rezonans doğurub. Ağ Ev rəhbərinin şəxsi təyyarəsinin mümkün raket hücumlarından qorunmaq üçün təchiz edildiyi, uçuş zamanı xüsusi vasitələrlə izlənildiyi bildirilir. Həmçinin Türkiyənin NATO üzvü olması və regionda ABŞ-a məxsus hərbi bazaların yerləşməsi fonunda belə bir müdaxilənin mümkünlüyü ilə bağlı suallar yaranır.
Digər tərəfdən, ABŞ Prezidentinin təyyarəsinə mümkün hücumun Vaşinqton tərəfindən son dərəcə ağır cavabla qarşılanacağı ehtimal edilir. Belə bir hadisənin ABŞ-İran qarşıdurmasını daha da genişləndirə biləcəyi, hətta Vaşinqton üçün İrana qarşı daha böyükmiqyaslı hərbi əməliyyatlara əsas və ya bəhanə yarada biləcəyi müzakirə olunur.
Trampın təyyarəsinin İran tərəfindən vurula biləcəyi barədə məlumatlar real təhlükəyə əsaslanır, yoxsa müəyyən məqsədlərlə dövriyyəyə buraxılıb?
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Donald Trampın təyyarəsinin İran tərəfindən vurulacağı barədə yayılan iddialara hazırda təsdiqlənmiş fakt kimi yanaşmaq düzgün deyil:
“Belə bir məlumatın yayılması ilə real hərbi təhlükənin mövcudluğu eyni şey deyil. ABŞ Prezidentinin istifadə etdiyi “Air Force One” adi sərnişin təyyarəsi deyil. Təyyarə və onun uçuş təhlükəsizliyi çox yüksək səviyyəli müdafiə və kəşfiyyat sistemləri ilə təmin olunur. Prezidentin marşrutu, uçuş vaxtı və təhlükəsizlik tədbirləri də adi kommersiya reyslərindən tamamilə fərqli şəkildə planlaşdırılır. Lakin konkret olaraq həmin təyyarənin hansı sistemlərlə və hansı anda necə müşayiət olunduğu barədə açıq mənbələrdən qəti nəticə çıxarmaq mümkün deyil”.
Elman Telmanoğlu
Ekspert qeyd edib ki, Türkiyənin NATO üzvü olması da mühüm amildir:
“Ankara səmasında ABŞ Prezidentinin təyyarəsinə qarşı mümkün hücum sadəcə İran–ABŞ qarşıdurması kimi qiymətləndirilməzdi, Türkiyənin hava məkanının təhlükəsizliyi və NATO-nun kollektiv müdafiə mexanizmləri məsələyə daxil ola bilərdi. Bununla yanaşı, NATO üzvü olmaq avtomatik olaraq hər bir hava insidentinin bütün alyans ölkələri tərəfindən eyni formada hərbi müdaxilə ilə qarşılanacağı anlamına gəlmir”.
Politoloqun sözlərinə görə, ən mühüm məsələ siyasi nəticələrdir:
“İranın bilərəkdən ABŞ Prezidentinin təyyarəsini vurması Vaşinqton üçün adi hərbi eskalasiya deyil, ABŞ dövlətinin başçısına qarşı birbaşa hücum kimi qəbul edilərdi. Bu isə ABŞ-ın cavab tədbirlərini son dərəcə sərtləşdirə bilərdi. Ancaq “ABŞ İranı nüvə silahı ilə Yer üzündən silər” kimi nəticə çıxarmaq real siyasi analizdən daha çox emosional və spekulyativ yanaşmadır. ABŞ üçün belə bir addımın özü də qlobal miqyasda katastrofik nəticələr doğurardı. Ona görə də bu məlumatların arxasında müəyyən siyasi məqsədin olub-olmadığı sualı açıq qalır. Belə xəbərlər İranı daha təhlükəli və nəzarətsiz aktor kimi təqdim etmək, ABŞ-da və beynəlxalq ictimaiyyətdə Tehrana qarşı daha sərt hərbi addımlara psixoloji zəmin yaratmaq məqsədi daşıya bilər. Lakin bunu konkret olaraq “ABŞ belə bir bəhanə hazırlayır” kimi təqdim etmək üçün ayrıca sübut lazımdır.
Siyasi baxımdan ən diqqətçəkən məqam budur: əgər belə bir informasiya məqsədli şəkildə dövriyyəyə buraxılırsa, onun əsas funksiyası hadisənin özündən çox, hadisəyə münasibəti formalaşdırmaq ola bilər. Yəni “İran hətta ABŞ Prezidentinin təyyarəsini vura bilər” tezisi cəmiyyətə qəbul etdirildikdən sonra Tehrana qarşı daha geniş hərbi əməliyyatların legitimləşdirilməsi daha asanlaşa bilər. Buna görə də bu tip xəbərlərə emosional deyil, mənbə, zamanlama və siyasi kontekst baxımından yanaşmaq lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az