Ermənistan Silahlı Qüvvələrində 2026-cı il ərzində 11 ölüm halı qeydə alınıb. Onlardan 5-i müddətli həqiqi hərbi xidmət keçən hərbçilər arasında baş verib.
Globalinfo.az-ın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Armenpress”ə açıqlamasında bildirib ki, hər bir hadisə ayrıca araşdırılır və müzakirə olunur.
Mətbuatda tez-tez orduda il ərzində 30 ölüm halının qeydə alındığı barədə məlumatların yayıldığını deyən Torosyan həmin ölümlərin neçəsinin bilavasitə orduda baş verdiyinin, neçəsinin hərbi xidmətlə əlaqəli olduğunun dəqiqləşdirilmədiyini vurğulayıb. Müdafiə Nazirliyinin nümayəndəsi orduda ölüm hallarının artması ilə bağlı iddiaların mövcud statistikaya əsaslanmadığını bildirib.
“Bu il hesabat dövründə 11 ölüm halımız olub, onlardan yalnız 5-i müddətli hərbi xidmət keçən hərbçilərdir. Xəstəlik, mina partlayışı nəticəsində ölüm halları olub. Bu il baş verən intihar hallarının bir hissəsinə gəldikdə isə qeyd etməliyəm ki, onlardan yalnız 3-ü xidmətlə əlaqəli şəraitdə baş verib”, – Torosyan deyib.
Aysel Əliyeva
Globalinfo.az