Azərbaycan Xankəndi və Xocalını geri qaytarır: qərar verildi, proses başladı

Azərbaycanın bir neçə dövlət qurumunun dekabrın 4-də Rusiya sülhməramlı kontingentinin rəhbərinin müşayiəti ilə Xankəndinə getməsi hələ də müzakirə edilir. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşması və 3 saata yaxın müzakirənin getməsi sosial şəbəkələrin Azərbaycan seqmentində fikir mübadiləsinə səbəb oldu. Bu hadisə erməni tərəfində ciddi narahatlıq yaratdı. Bir çox erməni ekspert olayı rəsmi Bakının antiterror əməliyyatı öncəsi nəbz yoxlaması kimi qiymətləndirir.

Maraqlıdır, Azərbaycan Xocalını, Xankəndini döyüşsüz, diplomatik yolla geri qaytarır? Yoxsa antiterror əməliyyatları üçün zəmin yaradılır?

Əslində, yaxın tarixdə analoji proseslərə şahidlik etmişik: 44 günlük Vətən müharibəsindən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları müharibəsiz Azərbaycana geri qaytarıldı. Bu, 10 noyabr bəyanatının şərtlərinə uyğun həyata keçirilmişdi. Erməni hərbi birləşmələri üç rayonu hərbi müdaxiləsiz tərk etdi. Eyni təcrübənin bir daha təkrar olunacağı ilə bağlı vaxtaşırı diskussiyalar aparılır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesini sabotaj etmək istəyən kifayət qədər çox qüvvə var:

“Xüsusilə qeyd etmək lazımdır ki, Fransanın bu prosesdəki sabotajçı mövqeyi, həmçinin Rusiya və ABŞ-ın doğru mövqe tutmaması prosesi dalana dirəyir.

Təəssüf ki, bu gün hələ də Xankəndi, Xocalı ərazilərində 10 noyabr bəyanatının müddəaları yerinə yetirilməyib. Faktiki olaraq qanunsuz silahlı birləşmələr hələ də oradan çıxarılmır.

Azərbaycan tərəfi bu gün faydalı qazıntıların istismar edilməsi məsələsinə görə dəfələrlə çağırışlar etsə də Rusiya sülhməramlıları üzərinə düşəni etmir. Buna görə də Azərbaycan mülki nazirliklərinin işçilərini həmin bölgələrə göndərmək məcburiyyətində qalıb. Hesab edirəm ki, Xankəndi və Xocalıda Azərbaycan yurisdiksiyası gec-tez həyata keçiriləcək.

İstənilən mərhələdə Azərbaycan komondoları ərazini separatçılardan təmizləyə bilər. Hesab edirəm, hələ diplomatik yol tükənməyib. Rusiya dövləti əməli addım ata bilər. Bütün bunlar olmayacağı təqdirdə isə antiterror əməliyyatlarının başlayacağı istisna edilmir”.

Turan Rzayev
Globalinfo.az