veten muharibesi

Bu həftə Beynəlxalq Böhran Qrupu hesabat yayaraq bildirib ki, Azərbaycan və Ermənistan bir-biri ilə üçüncü müharibəni başlamağa çox yaxındırlar.

Böhran Qrupu niyə belə hesab edir və bu dəfə müharibə hansı ərazilərdə ola bilər? BBC News Azərbaycanca hesabatın həmmüəllifi Zaur Şiriyevlə danışıb.

– Beynəlxalq Böhran Qrupunun sizin də həmmüəllifi olduğunuz yeni hesabatında deyilir kii, Azərbaycan və Ermənistan yeni müharibənin astanasındadır. Hesabatı oxumayanlar üçün qısaca deyə bilərsinizmi – niyə və bu dəfə müharibə harada olacaq.

-Bizim “İzlənməli 10 münaqişə” hesabatımız çıxmışdı və ondan əlavə də Beynəlxalq Böhran Qrupunun ən son Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrlə bağlı məruzəsi var. Hər iki məruzədə də yeni müharibə riskinin böyük olduğu bildirilir.

Bunu qeyd edərkən, müharibənin baş verəcəyi birbaşa qeyd olunmasa da, stimullaşdırıcı amillərin çoxluğu diqqətə çatdırılır.

Bunun səbəbləri ilk danışıqlarda yaranmış axsaqlıq və danışıqların istənilən formada getməməsi, xüsusilə 2022-ci ildə istər Bakı, istərsə də Yerevanın sülh müqaviləsinin imzalanması ilə bağlı rəhbər şəxslər tərəfindən səsləndirilən fikirlərin reallaşmaması və eyni zamanda geosiyasi dəyişikliklər – regionda baş verən və Rusiyanın Ukraynadakı işğalı və ən son isə Azərbaycanın hərbi gücünün artmasındadır.

Və artıq qeyd olunur ki, Azərbaycan uğursuz danışıqların davam etdirilməsində maraqlı deyil və bu da onu yeni müharibəyə sövq edə bilər. Eyni zamanda mühüm məqamlardan biri də odur ki, Beynəlxalq Böhran Qrupunun məruzələrinin heç birində müharibənin baş verəcəyi proqnozlaşdırılmır.

Sadəcə, müharibəni stimullaşdıran amillərin çox olduğu və müharibə ehtimalının daha böyük olduğu diqqətə çatdırılır. Yəni, bu ikisinin arasındakı fərq bəzən Azərbaycan mətbuatı və ya izləyicilər tərəfindən tam diqqətə alınmır.

Gərginlikdir. Amma tək səbəb o deyil…

Və sizin sualınıza gəlincə, regionda ikinci cəbhənin açılması məsələsinə, təbii ki, elə bir risklər mövcuddur, amma bu riskləri nəzərə alacaq tərəf Azərbaycan tərəfidir. Bu risk məruzədə qeyd olunmasa da, təbii ki, regiondakı gərginliyin buna səbəb olacağı göstərilir.

Amma, xüsusi olaraq, bəlkə də alt məna olaraq, qeyd olunur ki, Ukraynada müharibənin davam etdirilməsi və mümkün yeni cəbhə məğlubiyyətləri də burada yeni müharibə riskini artıra bilər.

– Mən hesabatda Ruben Vardanyan haqqında heç nə görmədim. Hesabatda qeyd edirsiniz ki, tərəflər ötən il sülhə yaxın olsalar da, 2022-ci ilin sonlarından bu prosess dayanıb. Sizcə, Vardanyanın gəlişi bu prosesin dayanmasının səbəblərindən biri deyilmi? Hesabatda Vardanyan məsələsinə toxunmağı niyə vacib bilməmisiniz? Sizcə, sülhdən uzaqlaşmaqda Vardanyan faktoru rol oynamırmı?

– Həmin məruzə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı idi, xüsusilə Qarabağdakı gərginliklə birbaşa bağlı idi. Qarabağda gərginliklə bağlı Avropa İttifaqında bir tövsiyə sənədi qəbul olundu. Tövsiyə sənədində “Avropa İttifaqı daha nə edə bilər” sualı əsasında bir məruzə hazırlanıb. Orada Qarabağla bağlı hissələr də yer alıb.

56390330 a3d2 11ed 9b60 7766a6837aed

Zaur Şirəliyev

– Bəli, orda Azərbaycan hökumətinin Qarabağın defakto hakimiyyəti ilə danışıqlara gedə biləcəyinə işarə vurulub. Sizin Qərb diplomatları ilə müsahibələrinizdən belə anlaşılır…

– Həm Avropa İttifaqı, həm də ABŞ ötən ilin sentyabr ayından sonra Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlar aparmasını və bu danışıqların bir formatda aparılmasının vacibliyini vurğulayırlar. Belə olarsa, Ermənistan hakimiyyətinin Qarabağ yükünü atmasının daha asan olacağı və sülh müqaviləsinin imzalanacağı fikri formalaşıb. Yəni, bu, Qərbdə təmərküzləşmiş bir fikirdir artıq.

Ruben Vardanyan faktoruna niyə görə toxunulmur? Çünki burada obyektiv olaraq, yəni Azərbaycan tərəfinin məsələ ilə bağlı narazılıqları aydındır, amma bu, əsas faktor olaraq, tərəfimizdən qiymətləndirilməyib hələ ki.

Yəni bunun əsas faktor olub-olmadığına şübhə ilə yanaşmırıq, amma əsas faktor olaraq qiymətləndirilməyib. Çünki, belə deyək, 2022-ci ildən sonra hazırda Qarabağda de-fakto hakimiyyətdə olan şəxslərin bir çoxu Azərbaycanda müharibə cinayətində günahlandırılırdı və onlara [cinayət] işi açılıbdı.

Buna baxmayaraq, Azərbaycan tərəfi, ölkə prezidenti tərəfindən vurğulanıb ki, Qarabağ erməniləri ilə danışıqlar aparılır. Yəni bu danışıqlar aparılan şəxslərin bir çoxu, belə deyim də, müharibə cinayətlərində yer alıblar. Yəni, əslində, bu faktor özü çəkindirici faktor ola bilərdi.

Amma Ruben Vardanyan faktorunun, məncə, Azərbaycan tərəfindən qabardılmasınin bir səbəbi Rusiyanın danışıqlar prosesini pozmasına cəhdi kimi göstərilir.

Bu, xüsusilə, oktyabr ayından [bəri] daha [aydın] görünür, çünki oktyabr ayında Praqada Azərbaycan və Ermənistan bir-birinin sərhədlərini tanıdıqlarını elan etdilər. Yəni, ilk dəfə idi ki, belə bir sənəd imzalanırdı. Və sonra Rusiya oktyabr ayının sonunda tərəflərlə görüşdü və Azərbaycan Rusiyanın sülh müqaviləsi ilə bağlı Qarabağın statusunu gələcəyə saxlamaq təklifinə və təkidinə qarşı çıxdı.

Ona görə, bu, bir az, məncə, daha çox Ruben Vardanyanla bağlı deyil. Burada Azərbaycanla Rusiya arasında olan məsələnin üzə çıxışıdır. Yəni, Ruben Vardanyan, sadəcə olaraq, bir fiqur rolunu oynaya bilər.

– Zaur bəy, belə bir fikirlər də var ki, hər hansı əməliyyata başlarsa, Azərbaycan ordusu həm də Xankəndiyə girə bilər. Bunu gözləyirsinizmi, ola bilərmi?

– Əslinə qalsa, rus sülhməramlı qüvvələrinin mövcudluğu ora Azərbaycanın birbaşa hərbi müdaxilə edə biləcəyi ehtimalını azaldır. Burada bir neçə faktor var. Birinci faktor, bilrisiniz də, 2020-ci il müharibəsində də bu, olduqca həssas yanaşılan bir məsələ idi.

Azərbaycan beynəlxalq aləmdə etnik təmizləmədə günahlandırılmaq istəmir, bu məsələ olduqca həssasdır və siyasəti də bunun üzərində qurur və bu məsələyə xüsusi diqqət yetirilir.

Bu, birinci faktor olaraq, Xankəndi və ya ermənilərin yaşadığı hər hansı əraziyə hərbi müdaxilə belə günahlandırılma ilə beynəlxalq təzyiqlə üzləşə bilər. Və bu, çəkindirici faktor ola bilər.

İkinci məsələ isə, sülhməramlıların orada olmasıdır. Təbii ki, orada sülhməramlıların siyasi statusu var. Yəni siyasi olaraq, Azərbaycan və Ermənistan tərəfi onlara mandat verib.

Amma heç bir texniki mandatı yoxdur. Onların tək bir mandatı var ki, onlar yalnız özlərini qoruya bilərlər. Və orada, təbii ki, rus sülhməramlıları və Azərbaycan Silahlı Qüvvələri arasında hərbi toqquşmanın olması ehtimalı aşağıdır. Rus sülhməramlılarının olduğu müddətdə orada hərbi əməliyyatın olması çox da real görsənmir.

Bilirsiniz, Rusiyanın Ukrayna müharibəsindən əvvəl, sülhməramlıların 2025-ci ildə hazırda yerləşdiyi ərazidən çıxa biləcəkləri ehtimalı az görünürdü. Azərbaycan siyasi rəhbərliyi tərəfindən bu, açıq ifadə olunmurdu.

Amma indi daha real görünür və Azərbaycan rəhbərliyi bunu daha [aydın] ifadə edir. Ola bilsin ki, Rusiyanın Ukraynada məğlubiyyəti bu prosesi vaxtından əvvələ çəkə bilər. Belə olan halda dediyiniz ssenari reallaşa bilər.

Təbii ki, belə bir ehtimal da var və bu, Beynəlxalq Böhran Qrupunun məruzəsində də yer alıb ki, əgər rus sülhməramlıları oradan gedərlərsə, ermənilər də təhlükəsizlik qarantı olmadığını düşünərək, kütləvi şəkildə oranı tərk edəcəklər.

Yəni, ona görə də oranın hərbi müdaxilə ilə geri alınması məsələsindən daha çox, bu prosesin fərqli formada baş vermə ehtimalı daha böyükdür.

Paylaş: