Azərbaycan müxalifəti Paşinyanın dediklərinə inanırmı? – İki liderin bir mövqeyi

Prezident İlham Əliyevin Qarabağdakı separatçılarla bağlı son çıxışı həm Azərbaycanda, həm Ermənistan ciddi müzakirə mövzusudur. Azərbaycan xalqı bu çıxışı məmnunluqla, rəğbətlə qarşılayıb. Düşmən ölkə isə İlham Əliyevin qəti mövqeyindən qorxuya düşüb, təşviş içindədir. Çünki erməni cəmiyyəti Azərbaycan Ordusunun nəyə qadir olduğunu yaxşı bilir. Bunu öz həyatında yaşayıb. Ermənilər narahatdırlar ki, İlham Əliyevin bu bəyanatından sonra hərbi əməliyyatlar başlaya bilər. Çünki Prezident Əliyev qəti şəkildə mövqe qoydu. Dedi ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər qalıb rahat yaşaya bilər. Qəbul etməyənlərlə isə xoş davranılmayacaq.

Eyni gündə Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxış edib. O, parlamentdə dediyi fikirlər hər iki ölkədə maraqla qarşılanıb. Paşinyanın çıxışı əslində təslimiyyətin, kapitulyasiyanın anonsu hesab edilə bilər.

Globalinfo.az Azərbaycan müxalifətinin iki tanınmış liderindən bu proseslə bağlı fikir öyrənib.

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiyanın başqanı Tural Abbaslı deyib ki, Qarabağ ermənilərinə müəyyən müddət təyin edilməlidir:

“Prezidentin çıxışında Ermənistan hakimiyyətinə və Xankəndidəki separatçılara ciddi mesajlar verildi. Çünki Azərbaycanın səbri sonsuz deyil, öz ərazilərində terrorçuların cəmləşməsi, silahlı qruplaşmanın varlığına əbədi dözə bilməz. Ərazilərimizdə hansısa uydurma subyektlərin yaradılması və Azərbaycanın suverenliyinə təhdid təşkil etməsi qəbulolunan deyil. Həm separatçı rejim, həm də onların himayədarları bunu nəzərə alsalar, özlərinə xeyir etmiş olarlar. Çünki Azərbaycan xalqının bunlara dözmək fikri yoxdur.

Ümumiyyətlə Azərbaycan ultimativ qaydada müddət təyin etməlidir. Məsələn, yaxın 6 ay ərzində Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin ərazimizdən çıxarılması kimi bir addım nəzərdə tutula bilər. Verilən müddətin sonunda Qarabağda yaşayan hər hansı erməninin buna əməl etməyəcəyi, bayrağımızı qəbullanmayacağı təqdirdə ərazidən çıxarılması təmin olunmalıdır. Çünki dünyanın heç bir yerində separatçılara, terrorçulara ölkənin mərkəzində heç kim dövlət qurmağa icazə verə bilməz ki, Azərbaycan da verməməlidir. Bu mənada Prezident İlham Əliyevin çıxışını məqbul hesab edir və tam dəstəkləyirəm. Çünki haqlı mövqedəyik”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bəzi nüansların həllini tapmalı olduğunu bildirib:

“Əgər çıxışların ardınca lazımı addımlar atılacaqsa, Azərbaycan xalqı, siyasi çevrənin nümayəndələri bunu dəstəkləyəcəklər. Azərbaycan vətəndaşını qorumaq dövlətin vəzifəsidir. Əsirlərimizin geri qaytarılması üçün müvafiq tədbirlər görülməlidir. İki ölkə arasında münasibətlərin tənzimlənməsində sərhədlərin müəyyən edilməsi, Laçın dəhlizinin birtərəfli qaydada bağlanması, prezidentin çıxışında qeyd edildiyi kimi, bayrağımızın Xankəndində ucaldılması, Azərbaycan vətəndaşı kimi yaşamaq istəməyən Qarabağ erməniləri ilə bağlı tədbirlərin görülməsi kimi nüanslar var. Bu məqamlar öz həllini tapmalıdır”.

Pənah Hüseyn Nikol Paşinyanın səsləndirdiyi fikirlərə tam güvənməyin doğru olmadığını bildirib:

“Ermənistanın mövcud və sabiq hakimiyyətləri arasındakı fikir ayrılığına gəlincə isə hazırda mühüm olan Nikol Paşinyanın mövqeyidir. Onun bu mövzuda çıxışları xeyli dərəcədə manipulyativ təsir bağışlayır. Sülhlə bağlı səsləndirdiyi fikirlərdə səmimidirsə, Ermənistan bunun üçün konkret addımlar atmalıdır. Terrorçuların ərazimizdən tamamilə geri çəkilməsi, Qarabağın Azərbaycanın tərkib hissəsi olması deklorativ fikirlərdən konkret sənədlərin imzalanmasına keçilməlidir. Naxçıvanla quru əlaqələrin bərpa edilməsi və s. bütün istiqamətlərdə lazımı işlər görülməlidir. Yoxsa, Nikol Paşinyan bir neçə dəfə bu mövzuda çıxışlar edib, daha sonra dediklərinə əməl etməyib. Ona görə də baş nazirin çıxışlarına çox da ciddi əhəmiyyət verilməsinin vacib olduğunu düşünmürəm”.

Ayşən Mustafa
Globalinfo.az