“Dövlət proqramını hamımız birlikdə müzakirə etdik. Burada təqdim etdik ki, hökumətin heyvandarlıq sahəsində əsas prioritetlərindən biri intensiv təsərrüfatların yaradılmasıdır. Çünki ət təminatında ərzaq təhlükəsizliyini sürətlə təmin etməyin əsas vasitələrindən biri məhz budur. Təqdim edilən subsidiya dəstəyi də intensiv təsərrüfatların formalaşdırılmasına yönəlib”.
Globalinfo.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini bildirib ki, bu, kiçik təsərrüfatların dəstəklənmədiyi anlamına gəlmir:
“Digər güzəştləri də nəzərə almaq lazımdır. Belə ki, heyvandarlıq təsərrüfatının qurulması zamanı heyvan başına müəyyən edilən subsidiya ilə yanaşı, cins heyvanların satın alınmasına tətbiq edilən 60%-lik güzəşt də mövcuddur. Yəni ölkəmizin bütün vətəndaşları cins heyvan satın alarkən onun dəyərinin 60%-i dövlət tərəfindən ödənilir. Bu da həm kiçik, həm də böyük təsərrüfatlara göstərilən dəstəkdir.
Dövlət proqramının prioritetləri çərçivəsində yeni intensiv təsərrüfatların formalaşdırılması üçün müəyyən edilən subsidiya isə hazırda yeni qurulan təsərrüfatlarda iri buynuzlu heyvan başına verilən subsidiyadır. Birinci məsələ bu idi.
Digər məsələ qoyunçuluqda tətbiq edilən subsidiya ilə bağlıdır. Bu məsələ bir qədər yanlış başa düşülür. Fürsətdən istifadə edərək bunu da aydınlaşdırmaq istəyirəm. 100 hektar örüş sahəsini icarəyə götürmüş və 500 qoyun sahibi olan vətəndaşlarımıza qoyun başına hesablanan subsidiya həmin örüş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bildiyiniz kimi, biz hazırda qoyunçuluqda ekstensiv təsərrüfatçılığı dəstəkləyirik. Bu da örüş sahələrinin yaxşılaşdırılmasının prioritet olduğunu göstərir.
Aparılan araşdırmalar göstərir ki, illər keçdikcə iqlim dəyişikliyi nəticəsində örüş sahələrimizin yem ehtiyatı azalıb. Belə bir iş həyata keçirilərkən, yəni örüş sahələrinin yaxşılaşdırılması zamanı təsərrüfat sahibi dövlət tərəfindən verilən subsidiya ilə yanaşı, özü də sərmayə qoymalıdır. Bu yükün daha çox kiçik təsərrüfatlardan deyil, böyük təsərrüfatlardan tələb olunması daha məntiqli görünür. Məhz bu səbəbdən 100 hektardan artıq torpaq icarəyə götürmüş və 500 qoyun sahibi olan vətəndaşlarımıza torpaqların yaxşılaşdırılması məqsədilə bu subsidiya verilir”.
İ.Qədimova qeyd edib ki, işğaldan azad edilmiş rayonlara köç prosesi başa çatmamış vətəndaşlarımıza bu istiqamətdə qərarların verilməsi və torpaqların birbaşa paylanması doğru yanaşma olmazdı. Çünki köç yekunlaşmadan kimin həmin ərazilərə köçəcəyini, kimin isə əvvəlki yaşayış yerində qalacağını müəyyənləşdirmədən bu islahatı həyata keçirmək mümkün deyil.
Lakin bildiyiniz kimi, bu məsələ ilə bağlı işçi qrupu fəaliyyət göstərir və hazırda torpaqların icarəyə verilməsi prosesi həyata keçirilir. Gələcəkdə bununla bağlı əlavə məlumat olduqda ictimaiyyətə çatdırılacaq.
Safura Bənnayeva
Globalinfo.az