Azərbaycan Aİ-yə niyə üzv olmur? – İki səbəb

Prezident İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı Azərbaycanın Avropa İttifaqına üzvlüyə cəhd etmədiyini deməsi diqqət çəkib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov qeyd edib ki, Azərbaycan müstəqilliyini qazanandan müxtəlif beynəlxalq platformalarla əməkdaşlıq edir:

“Belə formatlardan biri də Avropa İttifaqıdır. Bu münasibətlər 30 ilə yaxındır ki, inkişaf edir. Lakin Aİ-nin üzvlüklə bağlı standartlarında mürəkkəb sxem var. Bunda Aİ-nin xristian klubuna dönüşməsi və orada təmsil olunan dövlətlərin əksəriyyətinin məsələyə önəm verməsi də rol oynayır. Keçmiş postsovet ölkələrindən Baltikyanı dövlətləri çıxmaq şərtilə digərlərinin Aİ-yə üzvlüklə bağlı cəhdləri heç də uğurlu alınmayıb. Müxtəlif vədlər verilsə də, proses ləngiməkdə davam edir.

Oqtay Qasımov

Azərbaycan Avropanın müxtəlif platformaları və Aİ ilə münasibətləri inkişaf etdirmək əzmindədir. Avropanın 10-a yaxın ölkəsi ilə yüksəksəviyyəli tərəfdaşlıq edir. Lakin Aİ-nin bir çox tələbləri və din amilini önə çəkməsi rəsmi Bakını ittifaqa üzvlük məsələsindən uzaqlaşdırır.

60 ilə yaxındır ki, Türkiyə Aİ-yə üzvlüklə bağlı müraciət edib, qarşıya qoyulan şərtlərə də əməl etdi. Buna baxmayaraq, Aİ müxtəlif bəhanələrlə Türkiyənin üzvlüyünü ləngidir.

Avropa İttifaqı iki ölkənin dominantlığında fəaliyyət göstərən qurumdur. Son illər xüsusilə Fransanın siyasi təsiri ciddi şəkildə artır. Buna görə də Azərbaycanla münasibətləri gərginləşib. Rəsmi Bakı Aİ ölkələri ilə ikitərəfli münasibətlər qurur”.

Safura Bənnayeva
Globalinfo.az