“Diaspor” sözü, ümumiyyətlə, diaspor anlayışı ictimai-siyasi leksikonumuza vaxtaşırı qayıdır. İlk baxışda əvvəlki aktuallığını itirmiş kimi görünsə də, erməni diasporunun Azərbaycan əleyhinə fəaliyyəti davam etdikcə bu söz regionumuz, təhlükəsizliyimiz və gələcəyimizlə bağlı müzakirələrdən yoxa çıxmayacaq. Üstəlik, biz diaspordan yalnız erməni diasporu kontekstində danışmırıq. Xaricdə yaşayan azərbaycanlılar da artıq faktdır, bizim də öz diasporumuz var və bu, mücərrəd anlayış deyil: dövlətin bu sahə ilə bağlı ayrıca Dövlət Komitəsi mövcuddur. Deməli, söhbət təkcə nəzəri anlayışdan yox, həm də real siyasətdən gedir.
Yanlış təsəvvür də elə buradan başlayır: ölkədən kənarda yaşayan hər soydaş kütləsini diaspor adlandırmaqdan. Diaspor sadəcə eyni kökdən gələn, eyni dili danışan və ya oxşar mədəni yaddaşı paylaşan insanların bir xarici ölkəyə toplaşması ilə yaranmır. Diaspor o zaman yaranır ki, həmin toplum təşkilatlana bilsin, öz gündəmini yaratsın, yaşadığı ölkənin ictimai həyatında görünə bilsin, müəyyən təsir imkanları qazansın və fəaliyyətini davamlı şəkildə qura bilsin.
Əgər bunlar yoxdursa, biz hələ diaspordan yox, xaricdə yaşayan soydaşlarımızdan danışa bilərik.
Uzun illər həm azərbaycanlıları, həm də türkiyəliləri Avropada müşahidə edən, eyni zamanda diaspor fəaliyyəti ilə məşğul olan biri kimi bu mövzuda gəldiyim qənaəti bölüşmək istəyirəm.
Son illərdə “diasporlarımızın ortaq fəaliyyəti” barədə xoşməramlı bəyanatlar tez-tez səslənir. Niyyət olaraq yaxşıdır, amma mən bu birliyin praktikada davamlı, sistemli və təsirli mexanizmə çevrildiyini hələ ki, görmürəm.
Bizdən fərqli olaraq, türkiyəlilərin Avropadakı tarixi daha uzun və köklüdür. Xüsusilə Almaniya başda olmaqla bir sıra Qərbi Avropa ölkələrində onlar artıq bir neçə nəsildir yaşayırlar. Biznesdə, siyasətdə, akademik mühitdə, mediada, mədəniyyət və idman sahəsində məşhurlaşan kifayət qədər türk var. Bütün bunlara baxmayaraq, Avropadakı türklərin böyük mənada vahid, koordinasiyalı və strateji diaspor modelindən danışmaq çətindir.
Bunun səbəbləri ayrıca geniş mövzudur. Burada həm “qürbətçi” psixologiyasının, həm dönmək və qalmaq arasında uzun illər davam edən tərəddüdün (sıla folkloru, subkulturası), həm də Türkiyə cəmiyyətinə xas güclü lokal bağlılıqların rolu var. Xüsusilə bu lokal bağlılıq xaricdə də özünü göstərir: regional dərnəklər, siyasi və dini təşkilatlar, folklor birlikləri, peşə və hobbi qrupları ilk baxışda canlı və rəngarəng icma həyatı təsiri bağışlayır. Amma əsas problem də buradadır. Təşkilat çoxdur, vahid strateji xətt isə yoxdur. Bu çoxluq ortaq gündəm, ümumi hədəf və strateji davranış mədəniyyəti formalaşdıra bilmir. Müxtəliflik özlüyündə problem deyil, mədəniyyət və insanlıq çərçivəsində bütün müxtəlifliklər gözəldir. Söhbət ondan gedir ki, bu müxtəliflik bizə lazım olan, arzusunda olduğumuz işlək mexanizmə, yəni diaspora çevrilmir.
Bir başqa paradoks. Qərb cəmiyyətlərində inteqrasiya prosesini keçərək müəyyən mövqe qazanan bəzi Türkiyə mənşəli şəxslər sanki sosial pilləkəndə bir az yüksələn kimi özlərini “digər türklərdən” ayırmaq, daha elitar və fərqli görünmək ehtiyacı duyurlar. Buna görə də xaricdə tanınan bəzi türkiyəlilər haqqında “Türkiyəni pisləməsəydi uğur qazana bilməzdi” kimi fikirlərin yaranması təsadüfi deyil. Bu özünüinkar cəhdləri bəzi hallarda çox əcaib formalar alır.
Təbii ki, bu problem yalnız Avropa türklərinə aid deyil. Azərbaycanlılar arasında da oxşar çatışmazlıqlar var və bəzi hallarda bu boşluqlar daha kəskin görünür. Sadəcə, bizim Qərbdəki icmalarımız türklərlə müqayisədə həm daha yenidir, həm də say baxımından onlarla müqayisə olunmayacaq dərəcədə kiçikdir. Buna görə Azərbaycan diasporu haqqında danışarkən onun hələ tam oturuşmamış, formalaşmaqda olan bir mühit olduğunu nəzərə almalıyıq. Bununla belə, indiki mənzərə artıq göstərir ki, bu mərhələdə görünən zəifliklər vaxtında aradan qaldırılmasa, gələcəkdə daha ciddi problemlərə çevrilə bilər.
Ondan başlayaq ki, azərbaycanlılar arasında xaricdə assosiativ həyat ümumən zəifdir. Türklərlə müqayisədə bizdə dərnəkçilik ənənəsi geniş yayılmayıb. İnsanlar çox vaxt davamlı bağlar qurmaqda çətinlik çəkir, müəyyən müddətdən sonra hər kəs öz şəxsi həyatına, işinə, ailəsinə, karyerasına yönəlir. Bu mühitə xas şəxsi narazılıqlar, intriqalar və daxili çəkişmələr də ümumi işi zəiflədir. Mən bunun əsas səbəblərini icma mədəniyyətinin zəifliyində görürəm. Ona görə də azərbaycanlıların kollektiv fəaliyyəti çox vaxt formal xarakter daşıyır və bir neçə fəal insanın şəxsi təşəbbüsündən o yana keçmir.
Xaricə köçən azərbaycanlılarda müşahidə olunan kəskin individualizmin sosial-psixoloji səbəbləri də var. Azərbaycanda sosial həyat çox vaxt səmimi kollektivlikdən daha çox məcburi yaxınlıq, qohum təzyiqi, gündəlik müdaxilə üzərində qurulduğuna görə, insan ölkədən çıxanda təkcə coğrafi məkandan deyil, həmin sosial nəzarət atmosferindən də uzaqlaşır. Sanki illərlə içində yaşadığı müdaxiləçi və yorucu münasibətlərdən azad olduqdan sonra kollektiv kimliyin özünə də məsafə saxlamaq istəyir. Bu səbəbdən “icma qurmaq”, “təşkilatlanmaq” kimi çağırışlar onda geridə qoyduğu mühitə qayıtmaqla assosiasiya olunur. Məsafə saxlayır, biz isə onu itiririk.
Xaricdə uğur qazanan azərbaycanlıların bir qisminin öz icmasından və həmin icmanın tədbirlərindən uzaq durması da başqa bir problemdir. Bunun arxasında bəzən mənfi şəxsi təcrübə, bəzən Azərbaycanla bağlı yorğunluq, bəzən də yeni cəmiyyətə daha rahat(!) inteqrasiya olunmaq istəyi dayanır. Bəzi hallarda isə insan sadəcə adının Azərbaycan, azərbaycanlılar və diaspor fəaliyyəti ilə yanaşı çəkilməsini istəmir. Nəticədə əlaqələri, biliyi, dili və sosial kapitalı olan potensiallı soydaşlar diasporun aparıcı qüvvəsinə çevrilmək əvəzinə, ondan kənarda qalırlar.
Məhz bu səbəblərə görə Azərbaycan təcrübəsində dövlətin rolu ayrıca əhəmiyyət qazanır. Ötən əsrin sonlarından etibarən xaricdə yaşayan azərbaycanlıların sayı artsa da, bu artım hələ öz-özlüyündə güclü icma həyatı demək deyildi. Yeni formalaşan topluluqların nə oturuşmuş sosial bazası, nə davamlı dərnəkçilik ənənəsi, nə də özünü təşkil etmək vərdişi vardı. Belə şəraitdə diaspor quruculuğu yalnız fərdi təşəbbüslərin öhdəsinə buraxılsaydı, böyük ehtimalla ciddi nəticə verməyəcəkdi. Heydər Əliyevin diaspor məsələsini hələ o illərdə dövlət siyasətinin istiqamətlərindən birinə çevirməsi də bu baxımdan diqqət çəkir. Yeri gəlmişkən, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam düz 25 il bundan əvvəl, 2001-ci il mayın 23-də imzalanmışdı. Dövlət bu qurultayı keçirməklə xaricdə yaşayan azərbaycanlılara artıq dağınıq soydaş kütləsi kimi deyil, təşkilatlanmalı olan ümummilli potensial kimi yanaşdığını göstərirdi. İcmaların özündə təşkilatlanma təcrübəsi zəifdirsə, dövlət həmin boşluğu institusional çərçivə ilə doldurur. Heydər Əliyevin etdiyi də bu idi.
Sonrakı dövrdə İlham Əliyevin bu xətti davam etdirməsinə və diaspor siyasətini daha sistemli mexanizmlərə bağlamasına da eyni məntiqin davamı kimi baxa bilərik. Xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, forumlar, koordinasiya şuraları və müxtəlif əlaqə platformaları bir-birindən uzaq düşmüş, yaşadıqları ölkələrin gündəlik həyatına qarışmış, assimilyasiya riski ilə üzləşən azərbaycanlıları müəyyən dəyərlər ətrafında toplamağa xidmət edir. Bu, asan proses deyil. Çünki dövlət burada hazır və daxildən təşkilatlanmış diaspor ilə deyil, hələ formalaşmaqda olan, bəzi ölkələrdə isə demək olar ki, sıfırdan qurulmalı olan icmalarla, fərdlərlə işləyir.
Amma bu modelin güclü tərəfi eyni zamanda onun zəif yeridir. Dövlət insanları bir araya gətirə, platforma yarada, əlaqə kanalları aça bilər, lakin diasporun canlı sosial məzmununu onların yerinə formalaşdıra bilməz. Diaspor yuxarıdan qurulan inzibati mexanizm deyil. Xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrdə danışan, münasibət bildirən, təsir göstərə bilən sosial qrupa çevrilmədikcə, hədəflənən diaspor da yaranmayacaq.
Eyni məqam Azərbaycan və Türkiyə diasporlarının ortaq fəaliyyəti məsələsinə də aiddir. Kağız üzərində əməkdaşlıq gözəl görünə bilər, reallıqda isə mənzərə tamam fərqlidir. Türk icmalarının daxilində siyasi və ideoloji parçalanmalar güclüdür; Türkiyədəki qütbləşməni çox vaxt yaşadıqları ölkələrə də daşıyırlar. Azərbaycanlılarda isə təşkilatlanma təcrübəsi və davamlı icma davranışı hələ zəifdir. Belə şəraitdə iki tərəfin birliyi çox vaxt tədbir, bəyanat və simvolik jest səviyyəsindən o tərəfə keçmir, keçə də bilmir. Real əməkdaşlıq o zaman olardı ki, media şəbəkələri, akademik platformalar, yerli siyasətə çıxış imkanları, hüquqi müdafiə mexanizmləri yaradılsın, ortaq fəaliyyət üçün aydın yol xəritəsi hazırlansın. Hələlik bu istiqamətdə ciddi və sistemli iş görmürəm. Təvazökarlıqdan uzaq səslənsə də, belə bir iş görülsəydi, yəqin ki, xəbərim olardı. Arada bayraqlar fonunda çəkilən şəkillərə rast gəlirəm. Amma şəkil çəkdirməklə birlik olmur.
Əslində, hər iki tərəfin problemi eyni nöqtədə kəsişir: kollektiv marağı davamlı instituta çevirə bilməməkdə. Bəli, xaricdə böyük türk toplumu var. Bəli, azərbaycanlıların sayı da Avropada və bütövlükdə Qərbdə artır. Bəli, təşkilatlar, tədbirlər, rəsmi platformalar və fərdi uğur hekayələri də var. Amma bunların hamısı birlikdə hələ yetkin diaspor demək deyil. Diaspor nostalji ilə qurulmur. Xaricdə yaşayan insan özünü sadəcə “vətəndən uzaqdakı adam” kimi deyil, iki cəmiyyət arasında məsuliyyət daşıyan aktor kimi görməlidir.
Bu yolun hələ başlanğıcındayıq.
Ələkbər Əliyev
Caspian-Alpine Society, İsveçrə