İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın raket imkanlarını zəiflətmək məqsədinə nail olmadığını və müharibədən sonra danışıqlara getməyə məcbur qaldığını bildirib.
Globalinfo.az xəbər verir ki, Əraqçi bu barədə Tehranda keçirilən Beynəlxalq İslam Vəhdəti Konfransında çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, müharibə zamanı İranın raket arsenalı ölkənin müdafiəsində mühüm rol oynayıb və öz imkanlarını nümayiş etdirib.
Əraqçi iddia edib ki, ABŞ və İsrail hərbi məqsədlərinə nail ola bilmədikdən sonra İranı daxildən zəiflətmək və ölkədə parçalanma yaratmaq üçün müxtəlif qrupları silahlandıraraq əraziyə göndərməyə çalışıblar. Onun sözlərinə görə, bu plan da nəticə verməyib.
İranlı nazir Yaxın Şərqdəki ABŞ hərbi bazalarına edilən hücumlara da münasibət bildirib. O qeyd edib ki, bölgədə yerləşən Amerika bazaları ABŞ-nin təhlükəsizliyini təmin etməkdən daha çox İsrailə dəstək məqsədi daşıyırdı.
Əraqçi İranın ABŞ-nin hücumlarına cavab olaraq regiondakı Amerika hədəflərinə zərbələr endirməsini “qanuni müdafiə” kimi qiymətləndirib. O, ABŞ və İsrailin İrana qarşı hərəkətlərini isə “qeyri-qanuni təcavüz” adlandırıb.
Nazirin sözlərinə görə, təxminən 40 gün davam edən son müharibənin əvvəlində qarşı tərəf İranın qısa müddətdə məğlub ediləcəyini düşünürdü. Əraqçi bildirib ki, hətta ABŞ Prezidenti Donald Tramp müharibənin ilk günlərində Tehranın “qeyd-şərtsiz təslim olmasını” tələb etmişdi.
Əraqçi vurğulayıb ki, hadisələrin sonrakı inkişafı bu hesablamaların özünü doğrultmadığını göstərib.
Tahir Turan
Globalinfo.az