whatsapp image 2026 05 08 at 16.33.15

Kipr Respublikası və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidentləri arasında görüş olub. Məlumata görə, liderlərin müzakirəsi 3 saat davam edib.

Liderlərin həftədə bir dəfə görüşmək barədə razılaşma əldə etdikləri bildirilir. Bundan əlavə, vətəndaş cəmiyyətlərinin Məşvərət Şurasının koordinasiya komitəsinin üzvləri də təyin olunub. Yəni bu o deməkdir ki, Şimali Kiprlə yunan Kiprinin ictimaiyyət nümayəndələrinin arasında da danışıqlara başlanılacaq.

Türkiyə ŞKTR məsələsində Cənubi Kiprə güzəştə gedəcəkmi? Ankara Şimali Kiprin suverenliyi iddiasından geri çəkilə bilər?

Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Şimali Kipr Türk Cümhuriyəti Türkiyənin qırmızı xətlərindən biridir:

“Bütün hökumətlər dönəmində Kipr məsələsində Türkiyəyə ciddi təzyiqlər olsa da, heç bir nəticə verməyib. Türkiyə hətta indiki qədər güclü olmadığı dönəmdə belə Kiprlə bağlı uğurlu addımlar atıb və dünyaya mesajlarını çatdırıb. Hazırda isə Türkiyənin geosiyasi mövqeləri çox güclənib və ordunun imkanları dəfələrlə artıb. Türkiyəyə yuxarıdan aşağı baxan dövlətlər, xüsusilə Avropa İttifaqının (Aİ) aparıcı ölkələri hazırda təhlükəsizlik məsələsində narahatlıq yaşayırlar və bu mövzuda Türkiyənin qapısını döyürlər. Yəni Ukrayna müharibəsi fonunda Türkiyəyə qarşı təzyiq imkanları da xeyli azalıb.

eli zulfu 900x585 1

Bəllidir ki, dünyada bəzi ölkələr və regionlar daim geosiyasi alət funksiyasını yerinə yetirib. Bununla bağlı çoxsaylı misallar çəkmək mümkündür. Konkret olaraq Yunanıstan və Cənubi Kipr də məhz bu funksiyanı daşıyır. Türkiyəyə qarşı təzyiq alətləri rolunda daxili kartlar, qondarma “erməni soyqırımı” və PKK ilə yanaşı Yunanıstan və Cənubi Kipr də istifadə olunur. PKK kimi, dövlət olaraq mövcudluğunu saxlaya bilməyən və Avropa İttifaqının yardımları ilə ayaqda qalan Yunanıstanın da istifadə müddəti bitmək üzrədir.

Əvvəllər olduğu kimi, hazırda da Türkiyənin Kiprlə bağlı güzəşt ehtimalı sıfıra bərabərdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: